CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yanan sanatoriyadan xəbər var

Hadisənin baş vermə səbəbi araşdırmadan sonra məlum olacaq
Sputnik

BAKI, 4 aprel — Sputnik. "Dünən Pirşağıda sanatoriyanın yanması zamanı mərkəzə 8 nəfər müraciət edib". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.

O qeyd edib ki, şöbəyə gətirilənlərdən 6 nəfəri böyük və 2 nəfəri uşaq olub: "Hadisə yerində qısaqapanma baş verib və qısaqapanma zamanı yaranan tüstü onların səhhətinə təsir edib. Zəhərlənmə deməzdim, amma insanlarda qorxu, panika, isterika halları müşahidə edilib. Onlar mərkəzdə 2 saat saxlanıldıqdan və lazımi tədbirlər görüldükdən sonra buraxılıblar".

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hadisənin baş vermə səbəbi araşdırmadan sonra məlum olacaq.

Xatırladaq ki, dünən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən "Gilavar" sanatoriyasında yanğın hadisəsi baş verib. Yanğın sanatoriyanın ərazisində (hazırda fəaliyyət göstərmir) məcburi köçkünlərin məskunlaşdığı üçmərtəbəli korpusda baş verib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın zamanı yuxarı mərtəbələrdəki tüstülənmiş otaqlardan 55 nəfər sakin Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən təxliyə edilib. Bina yanğından mühafizə olunub və yanğın söndürülüb.