HADİSƏ

Xətai rayonunda qanunsuzluq

Faktla bağlı iş icraçısı Mənzil Kommunal Təsərrüfat Birliyi barəsində qanunamüvafiq qaydada protokol tərtib edilib
Sputnik

BAKI, 4 aprel — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Qaynar xətt"inə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 93 və 99 saylı binaların qarşısında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Həmin şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bir neçə rayonda ciddi qanunsuzluqlar aşkarlanıb

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. O bildirib ki, əraziyə keçirilən baxış zamanı müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlar tərəfindən yaşıllıq ərazinin primitiv üsulla qanunsuz çəpərlənərək zəbt olunduğu və Xətai Rayon İcra Hakimiyyətinin göstərişi ilə rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən abadlıq işlərinin aparılması məqsədilə çəpərlərin texnika vasitəsilə söküldüyü müəyyən edilib.

Araşdırma zamanı ərazidə ağac kəsilməsi faktının olmadığı, lakin söküntü işləri zamanı bir neçə ağac və kolların zədələndiyi və təbiətə 400 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı iş icraçısı Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi barəsində qanunamüvafiq qaydada protokol tərtib edilib və Birlik hüquqi şəxs qismində 1000 manat məbləğində cərimə olunub.