CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bizim sürücülük vəsiqələri niyə digər ölkələrdə tanınmır?

Bəzi ölkələrdə avtomobil icarəyə verənlər bizim sürücülük vəsiqəsini yaxına buraxmırlar
Sputnik

BAKI, 4 aprel — Sputnik. “Azərbaycanın milli sürücülük vəsiqələri bir çox ölkələrdə tanınmır”. Sputnik Azərbaycan xəbər verir ki, hüquqşünas Ərşad Hüseynov öz "facebook" səhifəsində bu məsələ ilə bağlı açıqlama verib.

Hüseynov qeyd edib ki, Azərbaycanın sürücülük vəsiqələrində 2 qüsur olduğu üçün tanınmır: ""Yol hərəkəti haqqında" 1968-ci il Vyana konvensiyasının 6 saylı əlavəsinin 6-cı (köhnə redaksiyada 3-cü) bəndində qeyd olunur ki, milli sürücülük vəsiqəsində bütün məlumatlar latın əlifbasının hərfləri ilə yazılmalı, başqa əlifba ilə yazıldıqda isə latın hərfləri ilə transliterasiya edilməlidir (yəni təkrar yazılmalıdır). Bizim əlifbadakı 7 hərf latın hərfi olmadığına görə, sürücülük vəsiqələrimizdə bu hərflər olacağı təqdirdə həmin vəsiqə Konvensiyaya uyğun sayılmayacaq, çünki bizim vəsiqələrdə belə sözlər təkrarlanmır".

Sürücülük vəsiqəsini necə almaq olar

Hüquqşüans bildirib ki, ən ciddi problem bizim sürücülük vəsiqəmizi xarici ölkədə yerli sürücülük vəsiqəsinə dəyişəndə yaranır: "Yolda xidmət edən polis qeyd etdiyim uyğunsuzluqları əhəmiyyətsiz saysa da, həmin ölkənin sürücülük vəsiqəsi verən məmuru Konvensiya ilə uyğunsuzluğu görür və dəyişməkdən imtina edir. Digər səbəb isə odur ki, Konvensiyanın 6 saylı əlavəsi 2004-cü ildə yeni redaksiyada verilib və həmin yeni redaksiya 2011-ci ildə qüvvəyə minib. Yeni redaksiyada vəsiqədə məlumatların bəndlər üzrə sıralanması da bizim sürücülük vəsiqələrində pozulub. Həmin sıralamanın pozulması da sürücülük vəsiqələrimizi xarici ölkələrdə yararsız hesab edir".

"Düzdür, bəzi ölkələrdə bunun fərqinə xüsusi varmırlar. Amma elə ölkələr var ki, orada qanunvericiliyin bir hərfində də güzəşt etmirlər, ona görə də, bizim vətəndaşlar problemlə üzləşirlər. Bəzi ölkələrdə isə avtomobil icarəyə verənlər bizim vəsiqəni yaxına buraxmırlar. Onlar isə, adətən, sığortadan qorxurlar, çünki belə vəsiqə ilə sürən adam qəza törədəndə sığorta şirkəti bizim sürücülük vəsiqəsinin həmin uyğunsuzluğunu rəhbər tutub deyir ki, "buna niyə avtomobil vermisiniz, ödəniş etmirəm"", – deyə o qeyd edib.

Hüseynov bildirib ki, bu problemi düzəltmək isə çox sadədir. Hazırda verilən sürücülük vəsiqələrin blankını (şablonunu) Konvensiyaya uyğunlaşdırıb, insanlara normal sürücülük vəsiqə verilməlidir. Həm də, "Yol hərəkəti haqqında" Qanunun 35-ci maddəsinin VIII hissəsinə əsasən, sürücülük vəsiqəsinin dəyişdirilməsinə onun yazılarında dəqiqsizlik müəyyən edilməsi səbəb olduqda, dövlət rüsumu ödənilmir.