CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda universal qabiliyyət sahibi: Di gəl, çörəyi "daşdan" çıxır

Döyüş tapşırığını yerinə yetirərkən aldığı kontuziya belə, onun musiqiyə olan həvəsini öldürə bilməyib
Sputnik

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 3 aprel — Sputnik. O, həvəskar musiqiçi ailəsində dünyaya göz açıb. Atası qarmon, qardaşı nağara ifaçısı olub. Körpəliyindən musiqi sədaları altında böyüməsi onu peşəkar musiqiçi olmağa həvəsləndirib. Nəticədə sonrakı həyatını sözügedən sahəyə bağlayıb.

Virtuoz musiqiçi Polad Osmanov Mingəçevir şəhərində yaşayır. O, bir çox alətlərdə peşəkar ifa edir, vokal oxuyur, musiqi qruplarına bədii rəhbərlik edir, bir sözlə, musiqiyə aid olan hər şeyi bacarır. Bütün bunlara qabiliyyəti və inadkarlığı sayəsində nail olub. Təhsilinə ara verməyə məcbur edən amansız müharibə, döyüş tapşırığını yerinə yetirərkən aldığı kontuziya belə, onun musiqiyə olan həvəsini öldürə bilməyib.

Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbtətində Polad Osmanov həvəskar musiqiçi ailəsində doğulsa da, ailədə ilk peşəkar musiqiçi olmağın onun taleyinə düşməsindən, lakin bunun ona heç də asan başa gəlmədiyidən danışır: "Uşaqlıqda tar üzrə musiqi təhsili aldım. 1992-ci ildə test üsulu ilə ilk dəfə imtahan verib Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna qəbul oldum".

"Sadəcə 3 ay oxumuşdum ki, Milli Ordu sıralarına çağırıldım. Milli Qəhrəman Asif Məhərrəmovun (Fred Asif) rəhbərliyində Azərbaycanın ilk istehkam batalyonunun üzvü oldum. 1994-cü ildə mina təmizləyən vaxtı əsgər yoldaşım minaya düşdü. O, ayaqlarını itirdi, mənsə kontuziya aldım", — deyir həmsöhbətimiz.

Mingəçevir şəhər musiqi məktəbi

P. Osmanov 5 illik hərbçi həyatından sonra musiqi təhsilini davam etdirib. 2000-ci ildə texnikumu bitirərək İncəsənət Universitetinə imtahan verib. Lakin 0.33 balı çatmadığından ödənişli ixtisasa düşüb. Keçmiş döyüşçü çox çətinliklərdən üzüağ çixmağı bacarsa da, 0.33-lük bal baryeri onun üçün keçilməz olub. Maddi çətinlik onun ali təhsil almasına imkan verməyib.

Festivalların birində Əməkdar artist Sabir Mirzəyevlə qarşılaşıb. Əməkdar artist bu mingəçevirli gəncin istedadını görüb və ona iş təklif edib. 2 il birgə fəaliyyətləri dövründə böyük xanəndədən çox şey öyrənən tar ifaçısı muğam oxumağın da sirlərinə yiyələnib.

Polad Osmanov bir müddət Bakıda yaşadıqdan sonra Mingəçevirə qayıtmaq məcburiyyətində qalıb: "Bakıda evsizlik, şəraitsizlik məcbur etdi ki, Mingəçevirə dönüm. Qayıtdıqdan sonra musiqi məktəbində konsertmeyster kimi işə başladım".

"Hazırda ifaçıları tarda müşayiət edirəm, ansambla bədii rəhbərlik edirəm. Fərdi olaraq vokal dərsləri verdim. Hazırda Mingəçevirdə gənc ifaçıların, demək olar ki, hamısı mənim tələbələrimdir. Düzdür, ailədə hər kəsdə yaxşı səs olsa da, məndə bu, texnika ilə əvəzlənib", — deyir universal musiqiçi.

Tar, nağara, qarmon, piano və kamançada ifa etməyi bacaran musiqiçi, eyni zamanda özünəməxsus muğam ifasıyla da seçilir. Bir müddət ixtisası üzrə fərdi şəkildə tələbə hazırlasa da, müharibə illərindən qalan xəstəliklər və şəkərli diabetdən müalicə olunması bu sahəni atmasına səbəb olub.

Onun bacarığı hər kəsi heyrətə salır

Musiqi məktəbindən maaş alsa da, iki övlad atası olan Polad Osmanov hazırkı vəziyyətdə bununla ailə dolandırmağın mümkünsüz olduğunu deyir. Məcbur qalıb müəyyən toylarda iştirak etdiyini bildirir.

Müsahibimiz əsas gəlirini isə, şəhərdə yerləşən otel-restoranların birində virtuoz ifa etməklə çıxarır. Sakit və kiçik auditoriyada tar, piano və vokal ifaçılığı edən Polad müəllim əsl musiqinin belə mühitdə çatdırılmasına daha çox üstünlük verir.