CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şagirdlər bu ali məktəbi seçmək istəyir

Onlar UNEC-in tələbələr üçün yaratdığı bu imkanlardan faydalanmaq istədiklərini vurğulayıblar
Sputnik

BAKI, 3 aprel — Sputnik. "UNEC-də 1 gün" layihəsi regionun məktəblilərinin marağına səbəb olub.

Sputnik Azərbaycan UNEC-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Mingəçevir "İstək" liseyinin 2-ci ixtisas qrupu üzrə təhsil alan 11-ci sinif şagirdləri "UNEC-də bir gün" layihəsində iştirak ediblər.

Şagirdlərə şərti tələbə biletləri təqdim edildikdən sonra onlara Cənubi Qafqazın ən böyük iqtisadyönümlü və 4 dildə təhsil verilən yeganə ali təhsil ocağı olan UNEC barədə ətraflı məlumat verilib. UNEC-in mübadilə və xüsusi təqaüd proqramları, London Universiteti/London İqtisadiyyat Məktəbi və Montpellier Universiteti ilə ikili diplom, eləcə də Universitet Daxili İkili Diplom (UDİD) proqramları bir günlük tələbələrin xüsusi marağına səbəb olub. İlk dəfə auditoriyada əyləşmək sevincini yaşayan məktəblilər Elektron Universitet Modeli ilə də tanış olublar. Onlara yaxın zamanda UNEC-də 7 gün 24 saat fəaliyyət göstərəcək müasir standartlara cavab verən kitabxananın fəaliyyətə başlayacağı bildirilib. Tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə yaradılan Yaradıcılıq Mərkəzi, Radio UNEC və İdman klubu barədə məlumat verilib.

İngilis dilində təhsil almaq istədiklərini bildirən şagirdlər Beynəlxalq İqtisadiyyat Məktəbinin dərslərində iştirak edib, I kurs tələbələri ilə görüşüblər. Bir günlük tələbələrə ixtisas seçimi ilə bağlı konsultasiya xidməti göstərilib, UNEC-də infotur təşkil olunub.

"UNEC-də bir gün" layihəsinin onların universitet seçiminə böyük dəstək olduğunu bildirən bir günlük tələbələr layihəni abituriyentlər üçün inanılmaz fürsət adlandırıblar. Onlar UNEC-in tələbələr üçün yaratdığı bu imkanlardan faydalanmaq istədiklərini vurğulayıblar.

"UNEC-də bir gün" layihəsində iştirak etmək istəyənlər 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.