TƏHLİL

Maaş artımları ilə bağlı mühüm qərar gözlənilir

"2018-ci ilin dövlət büdcəsinə yenidən baxılmasının əsas səbəblərindən biri məhz neftin qiymətidir"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 3 aprel — Sputnik. "Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinə yenidən baxıla bilər". Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, dövlət büdcəsinə yenidən baxılması bu ilin I rübünün nəticələrindən asılı olacaq. Komitə sədri əlavə edib ki, ehtiyac yaransa, may ayında 2018-ci ilin dövlət büdcəsinə baxıla bilər.

Dövlət büdcəsindən külli miqdarda vəsait yayındıranların adları açıqlandı

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılmasının əsas səbəblərindən biri məhz neftin qiymətidir: "Çünki neftin qiyməti dövlət büdcəsində 45 ABŞ dolları nəzərdə tutulub və birinci rüb üçün isə neftin orta qiyməti 65 dollardan yuxarı olub.

"Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, seçki ərəfəsində xüsusilə büdcədən maliyyələşən təşkilatlarda əmək haqqının artırılması ilə bağlı çoxlu sənədlər imzalanıb. Bu sənədlərin də icrasının təmin olunması məqsədilə təbii ki, əlavə vəsaitlərə ehtiyac yaranır", — iqtisadçı əlavə edib.

Ekspertin sözlərinə görə, bu vəsaitlərin qaynağı böyük ehtimalla neft sektorundan daxil olan vergilər olacaq: "Çünki neftin baha satılması daxil olan vergilərin həcminin artmasına gətirib çıxarır. Proqnozlaşdırmaq mümkündür ki, Dövlət Neft Fondundan da ayırmaların həcminə yenidən baxıla bilər. Cari ilin may ayında 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılması gözləniləndir".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Mənsur Bərxudarov da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Azərbaycan iqtisadiyyatında artıq müəyyən canlanma var: "Bu, ölkəmizin iqtisadiyyatının bütövlükdə inkişafı ilə bağlıdır. Artıq Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadi inkişaf mərhələsinə qədəm qoyub".

"İkincisi, büdcədə neftin qiyməti 45 dollardan götürülüb. Bu gün artıq dünya bazarında neftin qiyməti 70 dollara yaxınlaşıb. Bu da dövlət büdcəsinin gəlirlər və xərclər hissəsinə yenidən baxılmasına imkan yaradır. Bu, Azərbaycan iqtisadiyyatının müasir inkişaf mərhələsində müsbət meyldir", — iqtisadçı deyib.

Onun fikrincə, Azərbaycanın apardığı sosial yönümlü iqtisadi inkişaf siyasətinin reallaşması kontekstində millət vəkili Ziyad Səmədzadənin dediyində böyük həqiqət var və büdcəyə yenidən baxıla bilər: "Yəni sosial yönümlü iqtisadi inkişaf siyasətini aparan Azərbaycanda bu gün canlanmaqda olan iqtisadiyyat imkan verir ki, 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılsın".