HADİSƏ

Bakıda üç kişi özünü asdı

Xəzər rayonunda inanclı müsəlman, Suraxanıda isə ailəsinin dağılması ilə barışa bilməyən gənc canına qıyıb
Sputnik

BAKI, 3 aprel — Sputnik. Bu sutka ərzində Bakı şəhərində üç intihar hadisəsi qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Aprelin 2-də saat 06:30 radələrində Xəzər rayonunda Buzovna qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Quliyev Rasim İsmayıl oğlunun meyiti tapılıb. Kişinin meyiti evin həyətində asılmış vəziyyətdə aşkarlanıb. 

Şamaxıda 17 yaşlı nişanlı qız intihar etdi

Məlum olub ki, Quliyev Şərur rayon sakinidir, Buzovnada kirayə mənzildə yaşayırmış. Hələlik rayon prokurorluğu intiharın səbəbini müəyyən etməyib. Təkcə o məlumdur ki, kişi ikinci qrup əlil və inanclı müsəlman olub, namaz qılırmış. Doğmalarının sözlərinə görə, Quliyevin heç bir məişət problemi olmayıb. Onun kiçik dükanı olub və orada tütün məmulatları satıb. Quliyevin doğmaları bu hadisədən şoka düşüblər. Çünki mərhum səmimi müsəlman idi, bilirdi ki, intihar böyük günahdır və o, günah etməkdən qorxurdu.

Eyni üsulla Sabunçu rayon Ramana qəsəbəsinin sakini də canına qəsd edib. Yeni yaşayış massivində səhər tezdən 1996-cı il təvəllüdlü Məmmədov Rza Mehman oğlu asılmış vəziyyətdə tapılıb. 22 yaşlı gəncin özünə qıyma səbəbi məlum deyil.

Aprelin 2-də Suraxanı rayonunda da cavan oğlan özünə qəsd edib. Neftçilər küçəsindəki 7 nömrəli evin sakinləri saat 10:40-da 1986-cı il təvəllüdlü Xasməddinov Ruslan Rəşid oğlunun cəsədini asılmış vəziyyətdə tapıblar. Digərlərindən fərqli olaraq onun intihar etmə səbəbi məlumdur, çünki o, ölümündan qabaq məktub yazıb qoyub. Rayon prokurorluğunun əməkdaşları məktub sayəsində müəyyən ediblər ki, intihara səbəb onun ailəsinin dağılması olub. Xasməddinovun arvadı məhkəməyə boşanma ərizəsi ilə müraciət edib. Kişi bununla barışa bilməyib və özünü öldürmək qərarına gəlib.

Hər üç hadisə ilə əlaqədar müvafiq rayon prokurorluqlarında araşdırma aparılır.