Azərbaycan - Türkiyə münasibətlərini daha da möhkəmləndirəcək səfər

İlham Əliyev Türkiyənin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Sputnik

BAKI, 3 aprel — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 3-də Türkiyə Respublikasının ədliyyə naziri Əbdülhəmid Gülün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, nazir Əbdülhəmid Gül Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Dmitri Kiselyov İlham Əliyevin fərqli xarakteri barədə: "Bu, çinlilərə xas yanaşmadır"

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, hüquq mühafizə orqanları, o cümlədən ədliyyə nazirlikləri arasında sıx əməkdaşlığın ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi işinə töhfə verdiyi bildirilib.

Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında bütün səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunularaq bildirilib ki, Türkiyə Respublikasının ədliyyə naziri Əbdülhəmid Gülün Azərbaycana bu səfəri də ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edəcək.

Dövlətimizin başçısı Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə prezidentinə çatdırmağı xahiş edib.