BAKI, 2 aprel — Sputnik. Mingəçevirdə 14 yaşlı yeniyetmə su kanalında boğulub.
Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Yuxarı Qarabağ kanalının Mingəçevirin Energetiklər qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Kəlbəcər rayonundan olan məcburi köçkün, Mingəçevir şəhərində yaşayan 2004-cü il təvəllüdlü Qafarzadə Nicat Azər oğlu həmyaşıdları ilə birlikdə kanalda çimərkən batıb.
Fövqəladə Hallar Nazirliyinin dalğıcları əraziyə cəlb olunub. Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun axtarışı nəticəsində Qafarzadə Nicat Azər oğlunun meyiti batdığı ehtimal edilən yerdən 800 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.