Azərbaycan - Belarus əlaqələri müzakirə edildi

İlham Əliyev Vladimir Semaşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Sputnik

BAKI, 2 aprel — Sputnik. Prezident İlham Əliyev Belarus Respublikasının baş nazirinin müavini, hökumətlərarası komissiyanın həmsədri Vladimir Semaşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Söhbət zamanı əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyi vurğulanıb, ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da artırılmasının zəruriliyi qeyd edilib. Belarusun baş nazirinin müavini Gəncə traktor zavodunda 10 mininci traktorun yığılmasının əlamətdar bir hadisə olduğunu vurğulayaraq, Azərbaycan ilə Belarusun bu birgə məhsulunun üçüncü ölkələrə ixrac edilməsi imkanlarının araşdırılmasının önəmini qeyd edib.

Dövlət başçısı, öz növbəsində, bunu əlamətdar hadisə kimi qiymətləndirərək, regionlara səfəri zamanı fermerlərin Azərbaycan-Belarus birgə məhsulu olan traktorların keyfiyyətindən razılıq etdiklərini vurğulayıb və bu məhsulun ixracı üçün yaxşı imkanların olduğunu deyib.