Prezident oğlunu nazir müavini təyin etdi - Türkmənistanda

Türkmənistan prezidenti oğlu Sərdar Berdımühəmmədovu xarici işlər nazirinin müavini təyin edib.
Sputnik

BAKI, 1 aprel — Sputnik. Türkmənistan prezidenti oğlu Sərdar Berdımühəmmədovu xarici işlər nazirinin müavini təyin edib.

Sputnik Tacikistan xəbər verir ki, Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov bu barədə fərman imzalayıb.
Sərdar Berdımühəmmədov 1981-ci ildə anadan olub. O, S.A.Niyazov adına Türkmənistan Kənd Təsərrüfatı Universitetini texnologiya mühəndisi ixtisası üzrə bitirib. 2008-2011-ci illərdə isə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında təhsil alıb və beynəlxalq münasibətlər üzrə ixtisaslaşıb.

O, həmçinin, 2011-2013-cü illərdə Cenevrədə Təhlükəsizlik Siyasəti Mərkəzində təhsil alıb və Avropa və Beynəlxalq Təhlükəsizlik üzrə mütəxəssis ixtisasına yiyələnib.

Sərdar Berdımühəmmədov martın 25-də keçirilən parlament seçkilərində Milli Məclisə deputat seçilib.
Türkmənistanda üç partiya — Demokrat Partiyası, Aqrar Partiya və Sənayeçilər və Sahibkarlar Partiyası fəaliyyət göstərir. Deputatlar beş illiyə seçilir. 25 yaşdan yuxarı və on il müddətində Türkmənista daimi yaşayan vətəndaşlar deputat seçilə bilərlər.