Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 1 aprel — Sputnik. Azərbaycanda son zamanlar film deyəndə, kinoteatrlarda nümayiş olunan bayağı zarafatlar və sponsor reklamları ilə zəngin filmlər yada düşür. Təbii ki, bu filmləri incəsənət nümunəsi yaratmaq məqsədilə yox, sadəcə gəlir əldə etmək üçün çəkirlər. Kommersiya məqsədi ilə çəkilən belə filmlər nə tarixə düşür, nə də beynəlxalq festivallara çıxa bilir.
Ancaq sevindirici bir məqam da var ki, bu gün film sənətinə ciddi yanaşıb, Azərbaycanı Kann kimi kinofestivallarda təmsil edən rejissor və prodüserimiz də var. Sputnik Azərbaycan bu işi prodüser kimi həyata keçirən Teymur Hacıyevlə həmsöhbət olub. Bu ilin may ayında Azərbaycan film layihəsi ilə ikinci dəfə "Kann" festivalına qatılacaq prodüser Azərbaycanda film prodüserliyin bugünkü səviyyəsindən danışıb.
— Azərbaycanda yenidən film sənəti inkişaf etməyə başlayır. Bu gün Azərbaycanda film prodüseri olmaq çətin deyil?
— Prodüser kinonun əsas özəyidir. Dünyada iki tip filmlər var. Biri kommersiya tipli filmlərdir ki, onları məhz pul qazanmaq üçün hazırlanan məhsul adlandırmaq olar. Amma əsl film isə, məhz dünya film tarixində qalmaq üçün çəkilən filmlərdir. Əsl filmdən söhbət gedirsə, bu gün vəziyyət qat-qat pis vəziyyətdədir. Çünki nə sponsorlar, nə də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstək yoxdur. Amma etiraf edim ki, Avropadan, xüsusilə Fransadan dəstək verirlər. Bir sözlə, tarixdə qalmaq üçün, incəsənət yönümlü filmlər çəkmək lazımdır.
— Bu gün prodüser deyəndə, ağla gələn sponsor tapan insan nəzərdə tutulur. Amma dünyada prodüser filmin əsas özəyidir. Prodüsersiz film çəkmək mümkün deyil.
— Filmə sponsor tapmaq prodüserin sahəsinə daxil olan işlərdən biridir. Pul tapmaq, çəkiliş prosesini tənzimləmək, yaradıcılıqda da rejissora dəstək vermək prodüserin işidir. Bir bənzətmə edim, prodüser filmin dayəsi olmalıdır. O, filmi qorumalı, ona nəvaziş göstərməlidir.
— Azərbaycanda filmlərin əksəriyyətində rejissor ilə prodüser eyni adam olur. Bəs sizin dediyiniz peşəkar prodüser Azərbaycanda var?
— Azərbaycanda film sahəsində çox şeylər dünya standartlarına uyğun deyil. Heç peşəkar prodüser də yoxdur. Mən özüm rejissoram. Amma peşəkar prodüser olmadığı üçün məcbur olaraq bu sahədə çalışıram. Nə vaxt peşəkar prodüserlərimiz olar, mən də o zaman rahatlıqla rejissorluq edərəm. Hətta dünyada prodüserlər var ki, filmin son hazırlığından sonra qərarı prodüser verir. Belə filmlər prodüser filmləri adlanır, amma son sözü rejissor deyirsə, buna artıq rejissor filmi demək olar. Bizdə isə bu, hələ yoxdur. Prodüser ingilis dilini yaxşı bilməlidir. Bizdə xarici dil bilən prodüser yoxdur ki, dünyaca məşhur festivallara qatılsın, təlimlərdə iştirak eləsin, hətta ssenarini və ya filmi sata bilsin. Dünyada prodüser təşkilatlarında üzvlərimiz də yoxdur. Deməli, bizdə peşəkar prodüser yoxdur.
— Bu gün Azərbaycanda prodüser filmləri çox çəkilir, yoxsa rejissor filmləri?
— Əlbəttə ki, prodüser filmləri. Onlara film demək olmaz. Kommersiya xarakterli kinoteatrlar üçün çəkilən məhsullardır.
— Kann festivalına necə getdiniz?
— Birinci dəfə rejissor Elmar İmanov Vergilər Nazirliyi ilə birlikdə 5 qısametrajlı film çəkdi. Onlardan 3-nü birləşdirib Kann festivalına yolladı. İlk prodüseri olduğum film də məhz "Dağılmış" ("Torn") filmidir. Bu il may ayında ssenari ilə Kann festivalına gedəcəyik. Ümumiyyətlə, xarici ölkələrdə belə festivallar çoxdur. Amma bizdə belə festival yoxdur. Hətta Ermənistanda da "Qızıl Ərik" adlı B kateqoriyasını almış film festivalı var. Bizdə də film festivalının olması mütləqdir. Çünki filmin inkişafı üçün festivalın olması vacibdir. Beynəlxalq tədbirlərdə və festivallarda hamı mənə bir sual verir ki, "sizdə mötəbər yarışlar keçirilir, neft ölkəsisiniz, axı niyə kinonuz bərbad vəziyyətdədir?" Bu suala cavab verə bilmirəm.
— Festivala aparılan filmin ssenarisi nədən ibarətdir?
— Film dam ustası olan bir kişinin həyatından bəhs edir. Ailəsində baş verən bəzi hadisələrdən sonra həmin kişinin həyatı dəyişir və bugünkü günümüzü əks etdirən hadisələr yaşanmağa başlayır. Biz festivala layihə kimi gedirik. Çünki artıq rejissor və prodüserlər, hətta operatorumuz da var. Sadəcə bizi maliyyələşdirəcək şirkət yoxdur. Özümüzünkülərdən ümidimizi üzmüşük. Ümidimiz ancaq xaricilərədir.
— Qısametrajlı filmlərə niyə pul ayrılmır?
— Çünki Azərbaycanda sponsoru filmin tarixi maraqlandırmır, sponsor ancaq qoyduğu pulun 5 dəfə artığını götürməyi düşünür. Sponsora filmin keyfiyyəti lazım deyil.