Bu gün 23 mindən çox abituriyent imtahan verəcək

İmtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir
Sputnik

Bakı, 1 aprel — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) bu gün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün respublikanın 18 şəhər və rayonunda sınaq imtahanları keçirəcək.

DİM-dən Sputnik Azərbaycan-a verilən xəbərə görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Sumqayıt, Mingəçevir, Şəki, Qəbələ, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, İmişli, Şirvan, Lənkəran, Masallı, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə, 49 binada təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 23 579 abituriyent qeydiyyatdan keçib.

Sınaq imtahanı bir növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlanacaq.

İmtahanların idarə edilməsi üçün 147 imtahan rəhbəri, 1 408 nəzarətçi-müəllim ayrılıb.

Abituriyentlərin nəzərinə çatdırılır ki, imtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.