CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Kişi peşəsi”ndə işləyən qadın: “Onlar yollara canlı "bomba" hazırlayırlar”

Arzu Kürsüm Babazadə: "Xanım təlimçi tanıyıram ki, öz övladı piyada keçidindən keçmir"
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 31 mart — Sputnik. Azərbaycanda son zamanlar avtomobil təlimçilərinin sayı günü-gündən çoxalır. Kim təlimçi olmaq istəyirsə, asan şəkildə sənədlərini düzəldib təsdiqlədir, daha sonra avtomobilinin arxasına təlim maşını işarəsini yapışdırır. Bununla da yeni sürücü olmaq istəyən insanlara təlim keçməyə başlayır. Təbii ki, ucuz qiymətə olan bu təlimlər çox insanı cəlb edir. Həmin dərslərin keyfiyyətini isə sürücülərin yol hərəkəti qaydalarına necə əməl etməsindən, daha dəqiq desək, qaydaları "çeynəməsindən" görmək mümkündür.

Sputnik Azərbaycan 10 ildən çoxdur avtomobil təlimçisi kimi çalışan, Almaniya və Türkiyədə təlim kursları keçmiş Arzu Kürsüm Babazadə ilə bu sahənin hazırkı səviyyəsi haqqında danışıb.

- Bir avtomobil təlimçisi kimi, Azərbaycanda bu sənət sahiblərindən razısınız?

— Aqil Rəhimovu çıxmaq şərti ilə, Azərbaycanda başqa təlimçiləri bəyənmirəm. Onlar ciddi tədris etməkdən çox, çörək pulu qazanmağa çalışırlar. Təlimçilər heç öz üzərilərində işləmirlər, "mən hər şeyi bilirəm" prinsipi ilə tədrisi davam etdirirlər. Bu da müxtəlif problemlərə səbəb olur. Bir də təlim sektorundakılar ancaq qiymətlə rəqabətə girirlər, keyfiyyətlə yox. Həmçinin təlim müəllimlərinə nəzarət edən qurum da yoxdur. Ona görə də, kim istəyirsə, təlimçi olur. Xanım təlimçi tanıyıram ki, öz övladı piyada keçidindən keçmir.

- Sizin keçdiyiniz təlimlər digərlərindən nəylə fərqlənir?

— Mən Almaniyada, Türkiyədə bu sahə üzrə xüsusi kurslar keçmişəm. Hazırda da öz üzərimdə işləyirəm. 20 ildən artıqdır avtomobil idarə edirəm. Məqsədim də Azərbaycanda daha savadlı sürücülər yetişdirməkdir. Mənim vicdanım var, aldığım pula görə iş görməliyəm.

Azərbaycanın rayonunda görünməmiş hadisə: 71 yaşlı qadın kişi peşəsinə yiyələnib

- Şəhərdə son illər kifayət qədər xanım təlimçilər də var. Onların təlim keçməsinə münasibətiniz necədir?

— Mən Azərbaycanda təlim keçən heç bir qadın təlimçini qəbul etmirəm. Onlar nəinki təlimçi kimi yaxşı deyillər, hətta bəzi kişi təlimçilər kimi onlar da yollara canlı "bomba" hazırlayırlar. Yəni onlar özləri qayda pozduqları halda, tələbələrinə bu qayda ilə hərəkət etməyi öyrədirlər. Yol nişanlarına məhəl qoymurlar, zolaqları pozurlar və s.

- Tələbə neçə dərsə praktikanı tamamlayır?

— Tələbədən asılıdır. Oğlanlar uşaq vaxtından atalarından və qohumlarından avtomobillə bağlı özlərinə lazım olan məlumatları "oğurladıqları" üçün onlar 10-12 dərsə öyrənirlər. Xanımlar var ki, 15-20 dərsə, orta yaşlı xanımlar isə 30-35 dərsə hazır ola bilir. Tam hazır olmasalar, mən onlara yola çıxmağa icazə vermirəm. Yola təhlükə göndərə bilmərəm. Belə bir deyim var: "Sən yola təhlükə göndərirsən, bilməlisən ki, sabah o təhlükə səni də tapa bilər". Elə tələbələr olur ki, qaz və tormoz pedallarının yerini bilmir. Belə tələbələri yollara hazır etmək, təbii ki, vaxt alır.

Təlimçi Arzu Kürsüm-Babazadənin təlim avtomobilinin yük yerindəki ayaqqabılar

- Bəylərə də təlim keçirsiniz. Kişilər maşın sürməyi qadından öyrənməyi necə qəbul edirlər?

— Mən kişi tələbələrimdən çox razıyam. Həm kişi tələbələrim, həm yolda hər hansı qayda pozan bəylər iradımı çox nəzakətlə qarşılayırlar. Onlara deyəndə ki, filan qaydanı pozmusuz, böyük əksəriyyəti günahını boynuna alır. Üzr istəyir və bir daha təkrarlamamağa çalışırlar. Xanımlarda isə əksinədir. Həm əksəriyyəti kaprizli olur, həm də özlərindən razı olurlar. Xanım sürücüyə deyəndə ki, qayda pozursan, etmə, çox kobud cavab verir və hər bir qanunu yaxşı bildiyini dilə gətirir. Halbuki qaydalardan xəbəri yoxdur. Təbii, bu, hamıya şamil olunmur.

- Kaprizli xanımları necə yola gətirirsiz?

— Xanımlar kaprizli olsalar da, çoxu öyrənməyə meylli olur. Sadəcə qadınlar təlimə gələn zaman gözüyumulu gəlirlər. Onlar təlimə gələn zaman hündürdaban ayaqqabı ilə sükan arxasına oturmaq istəyirlər. Mən icazə vermirəm. Onlar təlimə dabansız ayaqqabı gətirirlər və dərs bitənə kimi həmin ayaqqabı avtomobilin yük hissəsində olur. Çünki ilkin vərdişlər üçün mütləq şəkildə dabansız ayaqqabı geyinmək şərtdir. Xanım nə zaman sərbəst avtomobil idarə edərsə, o zaman istədiyi ayaqqabı ilə maşın idarə edə bilər. Bir də xanımlar rahat geyim geyinmirlər, saçları açıq şəkildə avtomobil idarə edirlər. Bu düzgün deyil. Xanımlar avtomobil idarə edən zaman saçlarını onlara maneə etməyəcək qədər yığmalıdırlar. Əks halda bu, onlara böyük mənfi təsir göstərər. Bəzi xanımlar isə etiraz edirlər ki, "qaz və tormozun yerini bilim, mənə kifayətdir". Bu da doğru deyil.

- Elə tələbə olub ki, ona təlim keçməkdən imtina etmisiniz?

Sürücüləri geyimə görə cərimə edə bilərlər

— 10 ildən çoxdur təlimçi işləyirəm. Bu müddət ərzində 5 xanıma təlim keçməkdən imtina etmişəm. Səbəb isə onların avtomobilə və ətrafa reaksiyalarının olmaması idi. 1-2 dərsdən sonra gördüm ki, onlara dərs keçsəm, yollara böyük təhlükə göndərmiş olaram. Qəti şəkildə onlara təlim keçməkdən imtina etdim. Bir də mən tələbəyə "yaxşıdır, əla alınır" sözlərini işlətmirəm. Çünki 1-2 dəfə tələbəyə "yaxşı sürürsən" deyəndə artıq özünə arxayınlaşır və özünü göstərməyə başlayır. Amma anlamır ki, təlim maşınında sən avtomobil sürmürsən, öyrənirsən.

- Təlim avtomobilində tələbə cərimə edərsə, onu kim ödəyəcək?

— Əlbəttə ki, təlim avtomobilində əyləşən tələbə öyrənəndir. Müəllimin məsuliyyətindədir və cəriməni də müəllim ödəməlidir. Yox, əgər tələbənin sürücülük vəsiqəsi varsa, cəriməni müəllim ödəyir, cərimə balı tələbəyə yazılır. Çünki sürücülük vəsiqəsi varsa, deməli qaydalar və nişanlar haqqında məlumatı olmalıdır.