BAKI, 31 mart — Sputnik. Müdafiə Nazirliyinin Sənədli və Tədris Filmləri Kinostudiyası Azərbaycanlıların 1918-ci ildə məruz qaldıqları soyqırımla bağlı 18 dəqiqəlik "Azərbaycanlıların 1918-ci il soyqırımı sənədli filmi" çəkib. Sputnik Azərbaycan xəbər verir ki, film nazirliyin saytında və sosial şəbəkələrdə yayımlanıb.
Filmdə 31 Mart soyqırımından danışılır və 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğından söhbət açılır.
Filmdə ehtiyatda olan polkovnik, Tarix Elmləri Doktoru Mehman Süleymanov, Quba Memorial Kompleksinin direktoru Səidə Abbasova 1918-ci ildə ermənilərin Azərbaycanlılara qarşı etdiyi soyqırımdan danışıblar.
Qeyd edək ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.