MƏDƏNİYYƏT

Beş əsr dayandı, artıq taqəti qalmayıb - Yardım edin

"Yolların təmiri bitdikdən sonra bu kəndlərə turist axını olacaq, o zaman baxımsız vəziyyətdə olan Muxas qülləsini qonaqlara hansı üzlə göstərəcəyik?"
Sputnik

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 30 mart — Sputnik. Qədim Azərbaycanın dilbər guşələrindən biri — əsrlərin səsini, nəsillərin nəfəsini yaşadan Oğuz rayonu açıq səma altında muzeyi xatırladır. Rayon ərazisində tarixin müxtəlif dövrlərinə aid 40-dan çox abidə var.

Bölgədə ilk arxeoloji qazıntı işləri 1915-ci ildə aparılıb. 1950-ci illərdə əslən Oğuzdan olan alim, respublikamızda arxeologiya elminin əsasını qoyanlardan biri Saleh Qazıyevin rəhbərliyi ilə aparılan tədqiqatlar zamanı Qarabaldır, Xalxal, Sincan, Dəymədərə kəndlərində qədim dövrə aid çoxlu kurqanlar, daş qutu, adi torpaq qəbirlər aşkar edilib.

Rayonun möhtəşəm abidələrindən biri Muxas qülləsidir. Qüllə Muxas kəndinin şimal-qərbində yerləşir. Tarixi mənbələrdən məlumdur ki, qüllə 16-cı əsrin əvvəllərində inşa olunub. Kənd sakinlərinin sözlərinə görə, böyük tarixi əhəmiyyəti olan bu qaladan bir zamanlar insanlar simsiz xəbərləşmək üçün istifadə edirmişlər.

1 / 13
Muxas Qülləsi
2 / 13
Muxas Qülləsi
3 / 13
Muxas Qülləsi
4 / 13
Muxas Qülləsi
5 / 13
Muxas Qülləsi
6 / 13
Muxas Qülləsi
7 / 13
Muxas Qülləsi
8 / 13
Muxas Qülləsi
9 / 13
Muxas Qülləsi
10 / 13
Muxas Qülləsi
11 / 13
Muxas Qülləsi
12 / 13
Muxas Qülləsi
13 / 13
Muxas Qülləsi

Sputnik Azərbaycan-a danışan kənd sakinləri deyirlər ki, keçmişdə kənddə hər hansı xeyir-şər hadisəsi baş verdikdə, hansısa problem olanda, eləcə də düşmən basqın edəndə, ata-babalar bu qüllənin təpəsində ocaq qalarmışlar. Həmin ocaq sayəsində də kənddə hansı hadisə baş verdiyini anlayar və tez zamanda tədbir görərmişlər.

Sakinlər danışırlar ki, əslində, bu qüllədən kəndin dörd bir tərəfində olub. Lakin zaman keçdikcə baxımsızlıq, eləcə də tariximizə biganəlik nəticəsində məhv olub. Sonuncu qalan bu qüllə də, demək olar ki, dağılmaq, məhv olmaq üzrədir. Bir neçə yerində böyük çatlar yaranmış Muxas qülləsi də tarixin qaranlığına qovuşmaq üzrədir.

Muxaslıların dediklərinə görə, dəfələrlə aidiyyatı qurumlara bildirilməsinə, həmçinin Mədəniyyət və Turizm Nazirliyinə məktub yazılmasına baxmayaraq, hələ də bu tarixi abidə ilə maraqlanan yoxdur.

Hazırda qüllə yerləşən, eləcə də ətrafdakı üç kəndin yolları yenidən qurulur, bərpa olunur. Əsas məqsədin də bu kənddəki tarixi abidələrin turizm marşrutuna salınması göstərilir. Sakinlər isə bundan çox narahatdır.

"Yolların təmiri bitdikdən sonra bu kəndlərə turist axını olacaq, o zaman baxımsız vəziyyətdə olan Muxas qülləsini qonaqlara hansı üzlə göstərəcəyik? Onlara bu tarixi abidəni göstərib deyəcəyik ki, baxın, görün, tariximizə, keçmişimizə necə sahib çıxmışıq?" — sakinlər qeyd edirlər.

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin Oğuz rayon şöbəsi ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, problemdən agahdırlar, lakin bu məsələyə Şəki regional Mədəniyyət və Turizm İdarəsi münasibət bildirə bilər.

Qeyd edək ki, Oğuz rayonunda biganəlikdən məhv olmuş, unudulmuş, baxımsız bir çox tarixi abidəyə rast gəlmək mümkündür. Ancaq görünən odur ki, kimlərinsə yadına düşməsə və ya zorla xatırladılmasa, bölgədə bir dənə olsun tarixi abidə qalmayacaq.