BAKI, 30 mart — Sputnik. Türkiyə ordusunun Afrindən sonrakı hədəfi PYD/YPG terrorçularının nəzarətində olan Membiç şəhəridir. Bu barədə Türkiyə rəhbərliyi səviyyəsində qərar verilib.
Bəlli olduğu kimi, Membiçdə həm də ABŞ həbrçiləri keşik çəkir və orada yerləşən terrorçulara təlim verirlər. Elə bu əsnada PYD/YPG terrorçularına daha bir dəstək Fransadan gəlib.
Sputnik Azərbaycan "Milliyet"-ə istinadla xəbər verir ki, terror təşkilatı YPG-nin dəstəkçisi olan Suriya Demokratik Qüvvələrinin (SDQ) üzvlərini paytaxt Parisdə qəbul edən Fransa prezidenti Emmanuel Makron Türkiyə ilə SDQ arasında vasitəçilik etməyi planlaşdırdıqlarını söyləyib.
YPG rəhbərliyi isə açıqlama verib ki, Fransa prezidenti terror təşkilatına dəstək məqsədilə Membiçə əsgər göndərməyi vəd edib. Hələlik bu iddia ilə bağlı rəsmi Parisdən təsdiq və ya təkzib açıqlaması verilməyib.
Ankaradan isə gözlənildiyi kimi sərt reaksiya gəlib. Prezidentin sözçüsü İbrahim Kalın açıqlama verib ki, "Türkiyə terror təşkilatları hansısa dialoqu və buna yönəlik vasitəçilik missiyasını qətiyyətlə rədd edir".