"Ərəb fırtınası" Bakıdan çəkilir

Günorta saatlarından başlayaraq havada tozun miqdarının azalaraq sanitar norma daxilində olacağı proqnozlaşdırılır
Sputnik

BAKI, 30 mart — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin 29 mart 2018-ci il tarixində səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanının miqdarı sanitar normadan artıq olduğu müəyyən edilib.

ETSN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, buna səbəb ölkə ərazisinə Ərəbistan yarımadasından atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 30 mart 2018-ci il tarixində ölkə ərazisinə daxil olan şimal-qərb küləyi ilə əlaqədar olaraq Bakı və Abşeron yarımadasında günorta saatlarından başlayaraq havada tozun miqdarının azalaraq sanitar norma daxilində olacağı proqnozlaşdırılır.