BAKI, 30 mart — Sputnik. Bu gün və sabah hava şəraitinin qeyri-sabit olması ilə əlaqədar dünən zəruri növbətçilərdən başqa, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəniz özüllərində çalışan 1 000 nəfərdən çox neftçi quruya təxliyə olunub. Bu barədə Sputnik Azərbaycan-a SOCAR-ın "Azneft" İstehsalat Birliyindən bildirilib.
Məlumat qeyd olunub ki, ki, martın 30 və 31-də açıq dənizdə küləyin sürəti arabir 30 m/s (Dalğanın hündürlüyü 3-5, bəzən 5-7 metr) gözlənilməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə "Azneft" tərəfindən dəniz Neft Qaz Çıxarma idarələrinin bütün sahələrinə hava haqqında telefonoqrama göndərilib: "Bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində təmir-tikinti işləri, hündürlükdə və yükqaldırma, həmçinin digər təhlükəli işlərin məhdudlaşdırılması, nəqliyyat və işçilərin estakada və ya özülün istehsalat sahələrində hərəkət etməsinə məhdudiyyət qoyulması, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında bütün sahələrə yazılı və şifahi formada göstərişlər verilib. İdarə aparatı və sahələrdə növbətçilik təşkil olunub. Dəniz neft-qazçıxarma obyektlərində yalnız mütləq zərurət tələb etdiyi qədər növbətçilər saxlanılıb. Hava və dəniz nəqliyyatları vasitəsilə ümumi 1000 nəfərdən çox işçilərin sahilə çıxarılması üçün tədbirlər görülüb".
Məlumatda o da qeyd olunub ki, bundan əlavə, mümkün fövqəladə vəziyyətə cavab olaraq digər təşkilat və qurumlarla birgə əlaqəli tədbirlərin həyata keçirilməsi və mövcud vəziyyətin daimi nəzarətdə saxlanılması davam etməkdədir.