BAKI, 29 mart — Sputnik. Venesuelanın Karabobo əyalətinin mərkəzində — Valensiya şəhərində yerləşən həbsxanada qiyam baş verib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, ilkin məlumatlara görə, 78 nəfər qiyam zamanı həlak olub.
Şahidlərin sözlərinə görə, üsyançılar əvvəlcə döşəkləri yandırıblar. Sonra həbsxanada atəş səsləri eşidilməyə başlayıb. Ardınca bütün həbsxananı yanğın bürüyüb.
Ölənlər arasında həm mühafizəçilər, həm məhbuslar, həm də məhbus yaxınlarının olduğu bildirilir. Beynəlxalq xəbər agentlikləri üsyan və ölü sayı barədə hökumət qaynaqlarına istinadla informasiya yayıblar.
Həbsxanada 100-dən çox insan olub. Ölənlərdən 68-i kişi, 10-u qadındır. Qadınların ərlərini ziyarətə gələrkən hadisə yerində öldükləri bildirilir.
Üsyançıların meydana çıxma səbəbləri hələlik bəlli deyil.