BAKI, 29 mart — Sputnik. "31 mart hadisələri Azərbaycanı müstəqilliyə aparan yoldur". Bunu Sputnik Azərbaycan Multimediya Mərkəzində 31 mart soyqırımının 100 illiyinə həsr olunmuş tədbirdə Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin tarixçilər qrupunun üzvü Şaiq Əliyev deyib.
O bildirib ki, 1918-ci ildə Bakıda siyasi vəziyyətin onsuz da gərgin olması bu hadisələrin baş verməsinə rəvac verirdi: "Ermənilərdən ibarət "Daşnaksütyun" partiyası bu gərginliyi daha da artırırdı. Vəziyyət o həddə gəlib çatmışdı ki, bu hadisələrin baş verməsi qaçılmaz olmuşdu. Ermənilər bunun üçün müxtəlif təxribat üsullarına əl atırdılar, ancaq məqsədlərinə nail ola bilmirdilər".
"Soyqırım nəticəsində Azərbaycanın müxtəlif bölgələrində minlərlə insan qətlə yetirilib", — Ş.Əliyev vurğulayıb.
Tətbiqi Politologiya Mərkəzinin tarixçilər qrupunun digər üzvü Zeynal Əmrəliyev də diqqətə çatdırıb ki, həmin dövrdə ermənilər bolşevik Rusiyasının məqsədlərini gerçəkləşməsində yaxından iştirak ediblər: "Bu zaman da onlar öz maraqlarına xidmət edirdilər. Ona görə də mart qırğınları Naxçıvan, Zəngəzur, Qarabağ ərazilərində xüsusi olaraq həyata keçirildi. Bunun sonrakı nəticələri isə məlumdur".
Onun sözlərinə görə, ümumilikdə bu soyqırımı həm erməni millətçilərinin maraqlarına, həm də bolşevizmin maraqlarına xidmət edirdi: "Bolşevizm və erməni millətçiliyinin məqsədləri fərqli olsa da, onlar Azərbaycanda yaranmış milli ruhu məhv etmək üçün birgə hərəkət edirdilər".
Qeyd edək ki, uzun müddət bu faciəvi hadisələr kölgədə qalıb və onun üzərindən sükutla keçilib. Lakin 26 mart 1998-ci ildə ümummilli lider Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb.
Cari ilin yanvarında Azərbaycan prezidenti İlham Əliyev azərbaycanlılara qarşı genosidin 100 illiyi münasibətilə tədbirlərin keçirilməsi barədə sərəncam imzalayıb. Bu sərəncama görə, zəruri tədbirlərin hazırlanması Prezident Administrasiyasına həvalə edilib. Milli Məclisə isə xüsusi iclas keçirmək tövsiyə olunub.