MƏDƏNİYYƏT

Türk pop musiqisinin əfsanəsi

Azərbaycanda da çox sevilən türk müğənnisi Kayahan martın 29-da anadan olub
Sputnik

BAKI, 29 mart — Sputnik. Məşhur türk müğənnisi və bəstəkarı Kayahan Açar 1949-cu il martın 29-da İzmirdə anadan olub. 

Kayahan İzmirdə doğulsa da, onun sənət həyatı İstanbulla bağlıdır. O, gənclik illərində bura köçüb.  

Gənclik illərindən mahnı bəstələyən və ifa edən sənətçinin ilk böyük mükafatı 1986-cı ildə qatıldığı beynəlxalq Aralıq dənizi Müsiqi müsabiqəsində “Gecələr” adlı mahnısı ilə qazandığı “Altın Portakal” olub. 1990-cı ildə "Eurovision" müsabiqəsində “Gözlerinin Hapsindeyim” adlı mahnı ilə Türkiyəni təmsil edib.

Türkiyədə və xaricdə çoxlu sayda konsert verən Kayahan, həm də 1992-ci ildə 29 Oktyabr Cümhuriyyət Bayramı səbəbi ilə Ankara Kızılay Meydanında 160 mindən çox tamaşaçının qarşısında verdiyi konsertlə yadda qalıb.

Həyatı boyu Kayahan yüzlərlə mahnı bəstələyib və ifa edib. Onların arasında "Bizimkisi bir aşk hikayesi", "Allahım, neydi günahım", "Emrin olur", "Atın beni denizlere", "Seninle herşeye varım ben" və s. göstərmək olar. O Suat Suna, Demet Saviroğlu, Nilufer kimi müğənnilərin parlamasında rol oynayıb. Kayahan geniş xeyriyyə fəaliyyəti ilə də yadda qalıb.

Kayahan 2015-ci il aprelin 3-də 1990-cı ildən əziyyət çəkdiyi xərçəng xəstəliyindən vəfat edib.