BAKI, 29 mart — Sputnik. Çinin öz işini başa çatdırmış ilk kosmik stansiyası olan "Tyanqun-1"-in qalıqları Azərbaycan ərazisinə düşə bilər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Avropa Kosmik Agentliyinin (AKA) hesablamaları ilə müəyyən edilib.
Məlumata görə, kosmik stansiya yerin atmosferinə daxil olacaq və bir həftə ərzində yanacaq: "Onun qalıqları yer kürəsi səthinin 43 dərəcə şimal və 43 dərəcə cənub ərazilərinə yayılacaq. Bu ərazilər Amerikanın şimal və mərkəzi hissəsini, eləcə də Avropanın cənubunu əhatə edir".
"Qalıqlar Afrika, Yaxın Şərq, Şərqi və Cənub-şərqi Asiyanın əsas hissəsini də əhatə edəcək. Kosmik stansiyanın qalıqlarının səpələnəcəyi mümkün ərazilərə üç Cənubi Qafqaz Respublikasının — Azərbaycan, Gürcüstan və Ermənistanın yuxarı sərhədləri də daxildir" — AKA bildirir.
Qeyd olunur ki, stansiyanın atmosferin sıx qatına daxil olması martın 31-i səhərdən aprelin 2-si səhər tezdənədək gözlənilir. Bu barədə məlumatlar hər iki gündən bir yenilənir.
Bu gün sözügedən stansiya gündəlik olaraq 200 kilometrlik hündürlükdən 4 kilometrə qədər enir. Ehtimal var ki, planetimizin səthindən 70 km-lik məsafədə stansiya parçalanacaq.
"Tyanqun-1" kosmik stansiyası 2011-ci ilin sentyabrında "Tszyutsyuan" kosmodromundan kosmosa buraxılıb və öz işini 2016-cı ilin martında başa çatdırıb. Bu müddət ərzində Çinin bir sıra qadın və kişi kosmonavtları onun orbitini ziyarət ediblər.