Bakını bürümüş toz dumanı ilə bağlı operativ qərar verildi

29 mart 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 15:00-da bir qədər də artaraq sanitar normadan 32 faiz yuxarı olduğu qeydə alınıb
Sputnik

Bakı, 29 mart — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

ETSN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 29 mart 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 15:00-da bir qədər də artaraq sanitar normadan 32 faiz yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, saat 09:00-da bu göstərici 20 faiz, 12:00-da 25 faiz sanitar normadan yuxarı olub.