HADİSƏ

Bakıda avtobusda ağılasığmaz hadisə baş verib - Anbaan görüntülər

Sözügedən gənclə bağlı dərhal polisə müraciət edilib, avtobusda "qoçuluq" edən sərnişin polis əməkdaşları tərəfindən aparılıb
Sputnik

Bakı, 29 mart — Sputnik. Dünən axşam saatlarında 65 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda insident baş verib. Belə ki, avtobusdakı gənc oğlan bir neçə yaşlı sərnişini döyüb, ünvanlarına nalayiq ifadələr işlədib.

Sputnik Azərbaycan xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev sözügedən hadisə ilə bağlı açıqlama verib. "65 nömrəli müntəzəm marşrut xəttində sərnişinlər arasında baş verən insidentlə bağlı bildirmək istərdim ki, çox təəssüf, cəmiyyətimizdə bu cür halla rastlaşırıq. Sərnişinlərdən birinin avtobusda olan qadınlara, yaşlı insanlara qarşı əl qaldırması, kəskin aqressiya nümayiş etdirməsi xalqımızın malik olduğu yüksək mənəvi və əxlaqi dəyərlərə tamamilə ziddir", — Ağayev bildirib.

"Bu, birmənalı olaraq cəmiyyətə qarşı hörmətsizlik və tərbiyəsizlikdir. Heç bir hal kiməsə qarşı, xüsusən də, qadına və yaşlı insana qarşı aqressiv hərəkətə səbəb ola bilməz. Əminəm ki, müvafiq qurumlar insanlara qarşı bu cür hərəkətə yol verən şəxsin əməlinə lazımi hüquqi qiymət verəcək", — deyə BNA sözçüsü əlavə edib.

Qurum rəsmisi onu da əlavə edib ki, BNA mütəmadi olaraq sərnişinlərin ictimai nəqliyyatda etik davranış qaydalarına əməl etmələri ilə bağlı maarifləndirmə işləri aparır: "Bu çərçivədə foto və video materiallar hazırlanaraq ictimaiyyətə təqdim edilir. Bununla bağlı xüsusi kitabça da hazırlanıb. Apardığımız maarifləndirmə işləri, müvafiq qurumların tətbiq etdiyi inzibati cəza tədbirləri ilə yanaşı vacib olan daha bir təsirli vasitə də ictimai qınağın olmasıdır. Bu mənada bu cür halların sosial şəbəkələrdə paylaşılaraq ictimailəşdirilməsi təqdirəlayiqdir".

Qeyd edək ki, yayılmış video materialdan insidentin avtobusda ayaq üstə çətinliklə dayanan qadının qarşısındakı oturacaqda əyləşmiş gənc oğlandan bir qədər səliqəli oturmasını xahiş etməsindən sonra başladığı aydın olur. Qadının xahişinə aqressiv reaksiya göstərən oğlan həm həmin qadını, həm də iki yaşlı kişi sərnişini yumruqlayır.

Əlavə edək ki, sözügedən gənclə bağlı dərhal polisə məlumat verilib. Avtobusda "qoçuluq" edən sərnişin polis əməkdaşları tərəfindən aparılıb.