"Artıq tariximiz gizlədilmir"

Mübariz Qurbanlı: "Daha erməni yalanları ilə xalqımız, dövlətimiz haqqında uyğun olmayan fikirlər formalaşmır"
Sputnik

BAKI, 29 mart — Sputnik. Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun birgə təşkilatçılığı ilə "Azərbaycanın multikultural mühitinə təhdidlər: erməni vandalizmi və soyqırımı siyasəti – son 100 il" adlı konfrans keçirilib.

Erməni vandalizminə dair dəhşətli faktlar ortaya çıxıb

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə DQİDK sədri Mübariz Qurbanlı, AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Qəmərxanım Cavadlı, millət vəkili Elman Nəsirov, DQİDK və AMEA-nın məsul şəxsləri, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mübariz Qurbanlı deyib ki, tədbirin keçirilməsində əsas məqsəd Ermənistanın Azərbaycana təcavüzünün tarixi və mövcud durumunun təhlili, ölkəmizin multikultural mühitinə təhdidlər, eləcə də bu sahədə qarşıda duran vəzifələrin müzakirəsidir: "Dövlət başçısının bu gün apardığı siyasətin nəticəsidir ki, bu gün Azərbaycan həqiqətləri bütün dünyada eşidilir".

"Daha erməni yalanları ilə xalqımız haqqında, dövlətimiz haqqında uyğun olmayan fikirlər formalaşmır. Bu gün Azərbaycan tarixinin yer aldığı çox sayda kitablar nəşr etdirilir, artıq tariximiz gizlədilmir", — o vurğulayıb.

Onu da qeyd edək ki, bugünkü tədbir Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Megdiyevin müvafiq sırəncamı ilə təsdiq edilmiş "1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə dair" tədbirlər planına uyğun olaraq keçirilib.