Milli təhlükəsizlik orqanının yaradıldığı gün

99 il əvvəl Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradılıb
Sputnik

BAKI, 28 mart — Sputnik. 1919-cu il martın 28-də Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradılıb. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) təşkil edilib. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Sovetləşmədən sonra təşkilatın üzvləri repressiyalara məruz qalib, M.Şeyxzamanlı başda olmaqla əksər rəhbər heyət güllələnib, N.Şeyxzamanlı Türkiyəyə mühacirət edib.

Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (“ÇK”) adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (“NKVD”) tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. 1967-ci ilədək respublikanın təhlükəsizlik orqanlarına qeyri-azərbaycanlılar rəhbərlik ediblər. Həmin il general Heydər Əliyev Azərbaycan DTK-nın sədri təyin olunub.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra — 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaranıb. Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart — milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub.

Prezident İlham Əliyevin 2015-ci il 14 dekabr tarixli fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılıb.