RUSİYA

Rusiyaya qarşı diplomatik müharibə elan edən Britaniya yeni hədəfini göstərdi

Tereza Mey: "Əlimizin altındakı hər bir imkanı onları məğlub etmək üçün istifadə edəcəyik"
Sputnik

BAKI, 28 mart — Sputnik. Böyük Britaniya "Birlik doktrinası" adlı yeni milli təhlükəsizlik strategiyasını açıqlayıb. Sputnik Türkiyə xəbər verir ki, yeni sənəd Milli Təhlükəsizlik Qabiliyyəti Hesabatında yer alıb.

Amerikanın düşmənləri Rusiya ətrafında səngər qurur

Baş nazir Tereza Mey hesabatın ön sözündə il ərzində Böyük Britaniyada baş verən terror hücumlarını və rusiyalı keçmiş kəşfiyyatçı Sergey Skripalın zəhərlənməsi hadisəsini qeyd edib: "Bütün bu hadisələr milli təhlükəsizliyimizin yalnız polisə və təhlükəsizlik qüvvələrinə bağlı olmadığını, eyni zamanda təhdidlərə qarşı bütün imkanlarımızı ən fəal şəkildə və koordinasiyalı olaraq səfərbər etməyimizə də bağlı olduğunu göstərir".

Mey bu məqsədə uyğun olaraq milli təhlükəsizlik məsələsinin nəzərdən keçirildiyini bildirib: "Yeni doktrinaya əsaslanaraq bütün potensialımızı milli təhlükəsizliyimizin müdafiəsinə yönəldəcəyik. Buraya son texnoloji məhsulların hərbi, diplomatik sahədə istifadə edilməsi və s. daxildir. Bütün hökumət və təşkilatlarımızın burada əməyi olacaq".

"Böyük Britaniyanın maraqlarını və dəyərlərini qorumaq cəhdi davam etdikcə, bizə qarşı fəaliyyətlər və hücumlar davam edəcək. Bu adamların heç şübhəsi olmasın ki, əlimizin altındakı hər bir imkanı onları məğlub etmək üçün istifadə edəcəyik" — baş nazir vurğulayıb.

Hesabatda bildirilir ki, Böyük Britaniyada terror aktı planlarının əvvəlcədən əngəllənməsinə yönəlik yeni terrorla mübarizə strategiyası hazırlanacaq. Cinayətkarlıqla mübarizənin də yer aldığı hesabatda, bu məqsədə yönəlik yeni bir kəşfiyyat çərçivəsi yaradılacağı, əhali qrupları ilə əməkdaşlığa gediləcəyi və özəl sektorla çalışacaq milli iqtisadi cinayətkarlığa qarşı mübarizə mərkəzinin yaradılacağı qeyd edilir.

Hesabata görə, kiber təhlükəsizliyin təmin olunmasına 1.9 milyard funt-sterlinq ayrılacaq. Hesabatda Böyük Britaniyanın doktrina çərçivəsində diplomatik nümayəndəliklərinin təhlükəsizliyini gücləndirəcəyinə də diqqət çəkilib.

Qeyd edək ki, martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızı huşlarını itirmiş vəziyyətdə tapılıb. Böyük Britaniya hökuməti istintaqın nəticələrini gözləmədən və hər hansı bir sübut təqdim etmədən hadisədə Rusiyanı ittiham edib və 23 rusiyalı diplomatı ölkədən çıxarıb.

İttihamları qəbul etməyən rəsmi Moskva da Londona qarşı analoji addımı atıb.