BAKI, 28 mart — Sputnik. Səyyar "ASAN xidmət" 28 mart —26 aprel tarixlərində Qusar, Astara, Balakən, Yevlax, Şəmkir şəhərlərində, 28 mart —16 aprel aralığında Hacıqabul şəhəri və Abşeron rayonunun Mehdiabad qəsəbəsində, 28 mart —11 apreldə Horadiz və Şabran şəhərlərində, 28 mart —6 apreldə isə Sabunçu rayonunun Nardaran qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
"ASAN xidmət"in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
Notariat fəaliyyəti;
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Əmək pensiyalarının təyin edilməsi;
Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.