RUSİYA

Türkiyədən Rusiya ilə bağlı sensasiyalı açıqlama

Volkan Bozkır: "Əgər Amerika Birləşmiş Ştatları ilə "Patriot" razılığı baş tutsa, Türkiyə saziş imzalanmasına baxmayaraq, "S-400"-lərdən imtina edə bilər"
Sputnik

BAKI, 27 mart — Sputnik. "Əgər Amerika ilə "Patriot" raketlərinin alınmasına dair razılaşma olsa, Rusiyadan "S-400" almağımıza ehtiyac qalmayacaq". Sputnik Türkiyə xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyasının sədri, TBMM-in Türkiyə-ABŞ dostluq qrupunun rəhbəri Volkan Bozkır jurnalistlərə açıqlamasında deyib.

TBMM-in Türkiyə-ABŞ dostluq qrupunun rəhbəri Volkan Bozkır

"Onlar bizim Rusiyadan "S-400" zenit-raket kompleksi almağımızı həzm edə bilmirlər. Bizə deyirlər ki, "NATO üzvü ölkə Rusiyadan silah almamalıdır". Ancaq amerikalı dostlarımız bir şeyi unudurlar ki, biz Rusiyadan "S-400" istəməzdən əvvəl ABŞ-dan "Patriot" tələb etmişdik. Vermədilər", — V.Bozkır bildirib.

Bununla belə, o əlavə edib ki, əgər Amerika Birləşmiş Ştatları ilə "Patriot" razılığı baş tutsa, Türkiyə saziş imzalanmasına baxmayaraq, "S-400"-lərdən imtina edə bilər.

Qeyd edək ki, Volkan Bozkır ötən həftə Vaşinqton ilə Ankara arasındakı gərginliyin azaldılması üçün rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə ABŞ-da səfərdə olub. Səfər zamanı türkiyəli nümayəndə heyəti amerikalı senatorlar və Konqres üzvləri ilə görüşlər keçirib.