CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mənzil almaq istəyənlər iyun ayınadək ehtiyatlı olsunlar, pulları "bata" bilər

Hüquqşünas: "Əgər mənzil almaq fikriniz varsa, çalışın, iyundan sonra həyata keçirin"
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 22 mart — Sputnik. "Şəhərsalma və çoxmərtəbəli binaların tikintisi, söküntüsü, kompensasiyaların verilməsi barədə müraciətlərdə 28,8 faiz artım olub". Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri ötən ay AZƏRTAC-a müsahibəsində Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov deyib.

Mənzil sahibləri MTK-ların "əsarətindən" qurtulurlar

O, qeyd edib ki, ötən il Prezident Administrasiyasına il ərzində daxil olan müraciətlərdə, əsasən, yaşayış binalarının tikintisində norma və qaydalara riayət edilməməsi, təhlükəsizlik qaydalarına əməl olunmaması, tikintilərin plansız aparılması, bəzən kompensasiyaların miqdarının sakinlərlə razılaşdırılmadan tikinti işlərinə başlanılması, yeni yaşayış binalarının dövlət komissiyası tərəfindən qəbul edilməməsi, bu səbəbdən mənzillərin özəlləşdirilməsində və qazla təminatında çətinliklər yaranması məsələlərinə toxunulur.

Müraciətlərdə ən çox "Evrostroy-SS", "FVS İnşaat", "Murad M.S.", "İdeal-İ İnşaat", "Hermes-S", "Brend Palace", "Meqa City Holdinq", "Abşeron LTD 2013", "İnam-İnşaat-555", "Xudafərin", "Əzizbəy-KM", "Baku Pearl Residence", "Caspian Park", "Fuad LTD", "İron İnşaat", "Mahal", "Elite City", "Avro Qrand", "İnşaat Konstruksiyaları", "Birlik-İnşaat", "Hasil", "AENT-E", "MVV Verus Praedium", "Yüksəliş C", "Rifah-Plaza" MMC-lər və "Kristal Abşeron", "İlin Dörd Fəsli", "Badu-Kubə", "Yeni Yasamal", "Şərur", "Dağlar", "İnteks", "Çənlibel", "Ayla", "Mars", "Fateh-N" MTK tikinti şirkətlərinin fəaliyyətindən şikayət edilir.

Vətəndaşları maraqlandıran digər bir problem isə tikinti şirkətlərinin iflasa uğrama ehtimalıdır. Maraqlıdır, etibar edərək mənzil aldığımız tikinti şirkəti iflasa uğrayarsa, vətəndaşa dəymiş zərəri kim ödəyəcək? Sputnik Azərbaycan bu suala bir neçə ekspertdən cavab almağa çalışıb.

Mənzil növbəsi çatmamış vəfat edərsə, ona çatacaq mənzil ailəsinə veriləcək

Məsələyə münasibət bildirən tikinti sahəsi üzrə ekspert Elnur Fərzəliyev əvvəlcə bu problemin beynəlxalq təcrübədə necə həll olunduğuna aydınlıq gətirib. Bildirib ki, inkişaf etmiş əksər ölkələrdə bina inşa edən tikinti şirkətlərinə dövlətin münasibəti tam fərqlidir. Onun sözlərinə görə, bina inşa edən şirkət tikintiyə başlamazdan əvvəl binaya cəkiləcək bütün maliyyə xərclərinin smetasını tutaraq aydiyyatı qurumlara təqdim edir.

"Bina tikintisinə cəkiləcək xərclər əvvəlcədən şirkətin şəxsi bank hesabında olmalı, yaxud banklar tərəfindən həmin şirkətə kredit ayrılmalıdır. Şirkətin həm maliyyə büdcəsi, həm texniki iş təcrübəsi yoxlanıldıqdan sonra tikintiyə başlamağa icazə verilir. Bu, strateji sahə olduğundan daim dövlət qurumları tərəfindən nəzarətdə saxlanılır. Bizdəki kimi tikintiyə camaatın pulu ilə başlayıb, sonradan iflasa uğramaq variantı olmur", — ekspert əlavə edib.

Fərzəliyev, həmçinin qeyd edib ki, tikinti şirkətlərinin iflasa uğradığı halda vətəndaşa zərərin dəyməməsi üçün vətəndaşların evləri öncədən qiymətləndirilməli və sığorta edilməlidir: "Belə olan təqdirdə, şirkət iflasa uğradığı zaman dəyən zərəri sığorta şirkətləri ödəməlidir".

"Lakin bir çox binalar var ki, uzun illərdir inşası tamamlanmayıb, yarımçıq vəziyyətdə qalıb. Zərərçəkmiş vətəndaşlarsa bu hallarda hara müraciət edəcəklərini, kimdən kömək diləyəcəklərini bilmirlər. İflasa uğramış şirkətlərin yarımçıq qalmış işlərini isə təsadüfi hallarda başqa şirkətlər tamamlayaraq təhvil verir", — ekspert deyib.

E.Fərzəliyevin qənaətincə, gələcəkdə vətəndaşların bu cür hallarla üzləşməməsi üçün bu sahədəki dünya praktikasından faydalanmaq, onu ölkəmizdə də tətbiq etmək lazımdır: "Ən vacib olaraq müqavilə ilə olan alqı-satqılar notarial qaydada aparılmalı, vətəndaşın mənzil üçün ödədiyi pulu notarius təsdiq etməli, hər bir mənzil sığortalanmalı və hər bir mənzil üçün ünvan verilməlidir".

Əmlak eksperti Ramil Osmanlı da bu problemlə bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, tikinti şirkətləri iki formada — Mənzil Tikinti Kooperativi (MTK) və Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi fəaliyyət göstərir. Belə problem yarananda MMC kimi fəaliyyət göstərən tikinti şirkətləri heç bir məsuliyyət daşımır.

Türkiyədə ev almaq istəyən Bakı sakininin pulunu "atdılar"

R.Osmanlı bildirib ki, MMC müflis olarsa, müflis olduqdan sonrakı addımlar MMC-nin rəhbəri və binada mənzil alan sakinlərlə məhkəmə qaydasında həll oluna bilər: "Məsələdə dələduzluq, cinayət faktı aşkar edilməyibsə, bütün mübahisələr mülki qaydadırsa, istehlakçılara dəymiş zərər şəxsin digər əmlaklarına yönləndirilə bilər".

Ekspert əlavə edib ki, əgər müflis olmuş tikinti şirkəti MTK-dırsa, burada müflis olma hər bir payçının payına düşür: "Çünki MTK-larda hər kəs eyni hüquqa malikdir. Yəni baş verən prosesdə hər bir payçı iştirak edir".

R.Osmanlı MTK-ların müflis olması ilə bağlı qanunvericilikdə heç bir maddəyə rast gəlmədiyini vurğulayıb: "MTK müflis olarsa, payçılara kompensasiya ödənilməlidirmi? Kim ödəməlidir? Bunun hər hansı hüquqi qaydası varmı? Bu, bir qədər qəliz məsələdir. Çünki MTK-nı təsis edənlərlə digər payçıların hüququ eynidir. Bütün qərarlar, işlər MTK üzvlərinə hesabat xarakterində çatdırılır".

"MTK-nın müflis olması vəziyyəti qəlizləşdirir. Ola bilər ki, bu, təsisçilərin məsuliyyətsizliyi üzündən olsun. Bu zaman payçılar təsisçilərə qarşı hər hansı bir iddia qaldırırsa, bunu faktlarla sübut etməlidir. Sübut etməlidir ki, onlar bu prosesdə iştirak etməyib, kənarda qalıb və təsisçilər onların payını mənimsəyib", — deyə müsahibimiz vurğulayıb.

Ekspert deyib ki, son illərdə 10-a yaxın MTK rəhbəri bu şəkildə həbs edilib: "Amma həbs də çıxış yolu deyil. Çünki onlar dələduzluğa görə, 10-15 il həbs edilir və istehlakçıya, payçıya dəyən zərər ödənilmir. Bina da yarımçıq qalır".

Osmanov yeni binalarda mənzillərin satışı ilə bağlı ölkə başçısının sərəncam imzaladığını da xatırladıb: "MTK təsisçiləri yeni tikintiyə başlayarkən reyestr aparılmalıdır. Satış zamanı vəsait tam ödənilməməlidir. Vəsaitin ödənilməsi ilə bağlı konkret müddəalar mövcuddur. Tikinti başlayandan, bina tam təhvil verilənə qədər binanın pulu faizlərə bölünərək ödənilməlidir".

Həmsöhbətimiz qeyd edib ki, bundan başqa, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ilkin qeydiyyat həyata keçirilir: "Vətəndaş və şirkət arasında bütün müqavilələr notarial qaydada həyata keçiriləcək. Və bunun reyestri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınacaq. Düzdür, bu məsəldən az şirkətlər xəbərdardır. Yəqin ki, yaxın zamanlarda bununla bağlı inzibati nəzarət gücləndiriləcək. Qanun pozuntusu aşkar edilən MTK-lara qarşı müəyyən sanksiyalar həyata keçiriləcək. Məncə, bu ilin ortalarına qədər bu rəsmiləşdiriləcək və nizama salınacaq".

Yaşayış binalarının tikinti qaydası dəyişir, universal dizayn tətbiq olunacaq

Ekspert hesab edir ki, bu günə qədər olan problemlər isə, cinayət tərkibi olmadığı halda məhkəmələrdə mülki qaydada həll olunmalıdır: "Bura dəymiş zərərin ödənilməsi və ya vətəndaşa dəymiş zərərin müqabilindən mənzillərin verilməsi və s. daxildir. Yox, əgər cinayət tərkibi yaradan hal varsa, məsələ başqa istiqamət alır və dəymiş zərərin ödənilməsi ikincisi plana keçir".

Məsələyə münasibət bildirən hüquqşünas Asif Abdullayev isə qeyd edib ki, bu günə qədər qüvvədə olan qanunvericiliyə görə, tikinti şirkətinin müflisləşdiyi, qoyub qaçdığı, aldatdığı halda vətəndaş heç nədən sığortalanmır: "Yəni qoyduğu vəsaitin batma ehtimalı böyükdür. Əgər tikinti şirkətinin rəhbəri vətəndaşların pulunu mənimsəyərək qaçıbsa, bu iş cinayət tərkibi daşıyır və o şəxs ən yaxşı halda həbs edilə bilər".

"Təcrübə göstərir ki, belə şəxslər həbs olunsalar belə, pulu qaytarmırlar. Əgər tikinti şirkətinin rəhbəri aldatmayıbsa, həqiqətən müflis olubsa, vətəndaş mülki qaydada məhkəməyə müraciət edərək pulunu tələb edə bilər. Məhkəmə də pulun qaytarılması üçün qərar verə bilər. Amma bunun icrası çətindir. Əgər şəxsin pulu, əmlakı yoxdursa, heç bir imkanı yoxdursa, pulun qaytarılması real deyil".

"Mən demirəm ki, aldanan vətəndaş başına gələnlə razılaşmalıdır. Xeyr. Bu vətəndaşlar öz haqqını tələb etməlidir. Amma mən məsələnin real tərəfini deyirəm", — deyən A.Abdullayev vurğulayıb ki, vətəndaş mənzil alarkən tikinti şirkətinin reputasiyasına fikir verməlidir.

Hüquqşünasın sözlərinə görə, cari il iyun 1-dən etibarən Mülki Məcəllədə dəyişiklik qüvvəyə minəcək və bu dəyişikliyə əsasən, vətəndaşın mülkiyyət hüququ əvvəlcədən qeydiyyata alınacaq: "Artıq yeni tikilidən ev aldığınız zaman onun dəyəri bina istifadəyə verilənə qədər mərhələli şəkildə ödəniləcək. Bu da vətəndaşların hüquqlarının qorunmasına hesablanıb".

Ekspert onu da qeyd edib ki, yeni qaydaya əsasən, binanın tikildiyi ərazidə də vətəndaşın torpaq payı olacaq: "Buna görə də, əgər mənzil almaq fikriniz varsa, çalışın, iyundan sonra həyata keçirin".