CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda polisə silahlı müqavimət göstərən cani güllələnib

Polis əməkdaşları xidməti silahdan istifadə edərək Z. Əliyevi məhv ediblər
Sputnik

BAKI, 26 mart — Sputnik. Daxili İşlər Nazirliyi Masallıda və Bakıda baş vermiş qalmaqallı qətllərlə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, martın 23-də Masallı rayonunun Qızlavar kəndi ərazisindən kənd sakini Ağəddin Ağayevin qol və qarın nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlərlə A. Ağayevi odlu silahdan açdığı atəşlə yaralayıb, hadisə yerini tərk edənin Masallı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Əliyev olması və onun Bakı şəhərinə gedərək orada gizlənməsi müəyyənləşib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z. Əliyevin paytaxtın N. Nərimanov rayonu ərazisində gizləndiyi müəyyənləşib və yaxalanarkən o, polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərib.

Polis əməkdaşları xidməti silahdan istifadə edərək Z. Əliyevi məhv ediblər. Onun üzərindən 1 ədəd "Makarov" markalı tapança və 3 ədəd patron, mənzildən isə 2 ədəd qumbara və 5 ədəd giliz aşkar edilərək götürülüb.