CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Masallı və Bakıdakı hay-küylü qətllərin əlaqəsi: Killer öldürüldü

Hadisə yerindən Z.Əliyevin qanunsuz saxladığı odlu silah və patronlar götürülüb
Sputnik

BAKI, 25 mart — Sputnik. Dünən Bakının mərkəzində baş verən atışmanın təfərrüatları məlum olub. Sputnik Azərbaycan Trend-ə istinadla xəbər verir ki, Bakıda atışmada öldürülən şəxs, bir gün əvvəl Masallı rayon sakinini Rusiyadan gələrək güllələyən adamdır.

Masallı rayonunda silahlı insident nəticəsində 1953-cü il təvəllüdlü Qızlavar kənd sakini Ağayev Ağəddin Nuru oğlunu güllələyərək öldürən şəxs Bakıda təqib olunub.

Arvadından 500 min alan azərbaycanlı killer qadının ərini öldürüb
 Hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılaraq həmin şəxsin 1977-ci il təvəllüdlü Zaur Əliyev olduğu müəyyənləşib. Keçirilən əməliyyat tədbirləri nəticəsində onun Nərimanov rayonu ərazisindəki kirayədə yaşadığı mənzildə olduğu müəyyən edilib.

Əməliyyat qrupu mənzilə yaxınlaşaraq Z.Əliyevi təslim olmağa dəvət edib. Lakin o, təslim olmayıb və özü ilə gəzdirdiyi silahla əməliyyat qrupuna silahlı müqavimət göstərərək onlara atəş açıb. Nəticədə cavab atəşi ilə Z.Əliyev öldürülüb.

Hadisə yerindən Z.Əliyevin qanunsuz saxladığı odlu silah və patronlar götürülüb. Öldürülən şəxs Masallı rayon sakinidir və uzun müddət Rusiyada yaşadığı və kriminal qruplaşmanın üzvü olduğu deyilir.

Qeyd edək ki, güllələnmə hadisəsi martın 23-də Masallı rayonunda baş verib. Masallı rayon sakini, 1953-cü il təvəllüdlü Qızlavar kənd sakini Ağayev Ağəddin Nuru oğlu güllələnib.

Yaralı 4 güllə yarası ilə Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub.

Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir. Qeyd olunur ki, zərərçəkmiş Rusiyada müəyyən şəxslərlə ədavətdə olub və bu səbəbdən Azərbaycana qaçıb. Lakin o təqib edilərək Masallıda güllələnib.

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120 —ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.