BAKI, 22 mart — Sputnik."Facebook"un yaradıcısı olan Mark Zukerberq milyonlarla "Facebook" istifadəçisinin hesablarından icazəsiz toplanan fərdi məlumatların ABŞ və Böyük Britaniyada seçkilərə təsir etmək üçün qanunsuz istifadəsinə qarşı iddialara cavab verib. Sputnik "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Mark Zukerberq "CNN" kanalına verdiyi müsahibədə sualları cavablandırıb.
Qeyd edək ki, mərkəzi Londonda yerləşən "Kembric Analytica" adlı təhlil firmasının 50 milyon "Facebook" istifadəçisinin hesablarından icazəsiz topladığı şəxsi məlumatları ABŞ və Böyük Britaniyada seçkilərə təsir etmək üçün qanunsuz istifadəsi ilə bağlı iddialar var.
Mark Zukerberq "Facebook"da məlumat sızması vəziyyətini ilk olaraq 2015-ci ildə öyrəndiyini qeyd edib. O, bundan sonra "Kembric Analytica" təhlil firmasına qarşı rəsmi tələb irəli sürərək "Facebook"dan əldə etdiyi məlumatları silməsinin lazım olduğunu bildirib.
Mark Zukerberq təhlil firmasının bu məlumatları sildiyini və bunun üçün rəsmi sənəd göstərdiyini vurğulayıb: "İnsanlar mənə bir şeyi edəcəklərinə dair hüquqi rəy göstərdikləri zaman buna inanıram. Açığı, bu, bir səhv idi. Bu cür səhvlərin gələcəkdə olmamasına əmin olmağımız lazımdır. Bu, baş verdiyi üçün, həqiqətən, çox təəssüflənirəm. İnsanların məlumatlarını qorumaq üçün məsuliyyətimiz var".
O, məlumat qalmaqalı ilə bağlı ABŞ Konqresində ifadə verə biləcəyini qeyd edib. "CNN"ə verdiyi müsahibədən bir neçə saat əvvəl öz "Facebook" səhifəsindən yazılı bir açıqlama edən Zukerberq məlumat qalmaqalında şirkətin xətasını qəbul etmişdi.
O, açıqlamasında deyib: "İstifadəçilərin məlumatlarını qorumaq məsuliyyətimiz var. Bunu edə bilmiriksə, sizə xidmət etməyi haqq etmirik. Bu cür hadisələrin baş verməməsi üçün illər əvvəl tədbirlər görmüşdük, ancaq səhv etdik. "Facebook"u mən yaratdım və ən nəhayət platformamızda baş verənlərdən mən cavabdehəm".
Məlumat sızmalarının yenidən baş verməməsi üçün "Facebook"un yeni bir sıra tədbirlər gördüyünü də eşitdirən Zukerberq aparılan istintaqlar çərçivəsində "Facebook"un tənzimləyici təşkilatlarla iş birliyi içində olduğunu qeyd etmişdi.
Qalmaqalın ardından bazar ertəsi və çərşənbə günlərində "Facebook"un bazar dəyərində cəmi 49 milyard dollar itki görülmüş, Zukerberqin şəxsi sərvəti də 6,8 milyard dollar azalmışdı.