BAKI, 20 mart — Sputnik. Aprel ayının 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərində Hollandiyada yaşayan AR vətəndaşlarının səs verməsinin təmin edilməsi məqsədilə ölkəmizin Niderland krallığındakı səfirliyi tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülür. Bu barədə Sputnik Azərbaycan-a səfirlikdən məlumat verilib.
Bildirilib ki, səfirlikdə konsulluq qeydiyyatında olan və aktiv seçki hüququna malik Azərbaycan vətəndaşlarının adları seçici siyahısına daxil edilib, həmin siyahı təsdiq olunması üçün Mərkəzi Seçki Komissiyasına təqdim olunub. Müvafiq seçki dairəsi üzrə səfirlikdə seçki məntəqəsi yaradılıb, məntəqə seçki komissiyasının iclası keçirilərək komissiyanın üzvləri, həmçinin sədri və katibləri müəyyən olunub.
Niderlandda yaşayan, seçici siyahısına daxil edilmiş vətəndaşlarımız seçkilərdə iştirak etməyə dəvət olunublar. Bununla yanaşı, səsvermə günü Niderlandda ezamiyyətdə olacaq Azərbaycan vətəndaşları da səfirliyə gələrək səsvermədə iştirak edə biləcəklər.