CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün İlaxır çərşənbə - Torpaq çərşənbəsidir

Novruz ərəfəsində sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Bu çərşənbə xalq arasında "İlaxır Çərşənbə" və ya "Torpaq çərşənbəsi" adlanır
Sputnik

BAKI, 14 mart — Sputnik. Bu gün Azərbaycanda Novruzun çərşənbələrindən sonuncusu — "İlaxır çərşənbə"dir.

Novruz ərəfəsində sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Bu çərşənbə xalq arasında "İlaxır Çərşənbə" və ya "Torpaq çərşənbəsi" adlanır. İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Sonuncu, həm də "ilaxır çərşənbə"də bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur.

Bayram xonçasının ortasına səməni qoyulur, ətrafı isə boyanmış yumurta, qoz, fındıq, badam və şirniyyatlarla bəzədilir. Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan. İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Axşam qulaq falları qurulur. Subaylar qonşu evlərin qapısının arxasında gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bu səbəbdəndir ki, axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur. 

Axır çərşənbə axşamı subaylar duzlu kökə yeyib yatır, su içmirlər. Gecə yuxuda içməyə kimsə su verirsə, o, yuxu görənin qismətidir.

Qeyd edək ki, bu il İlaxır çərşənbə yazın gəlişi — Novruz bayramı ilə eyni günə düşür.