CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün Azərbaycana bahar gəlir

Bahar fəsli ölkəmizə saat 20:15-də daxil olacaq və gecə-gündüz bərabərliyi baş verəcək
Sputnik

BAKI, 20 mart — Sputnik. Bu gün Azərbaycanda xalqın ən sevimli bayramlarından biri olan Novruz bayramı qeyd edilir. Sputnik Azərbaycan xəbər verir ki, bahar fəsli ölkəmizə saat 20:15-də daxil olacaq və gecə-gündüz bərabərliyi baş verəcək.

Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası "Yeni gün"dür. Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın — yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.

Novruzun qeyd edilməsi də yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir. Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni "Beynəlxalq Novruz Günü" elan edib.

Novruz bayramının mənşəyi qədimdir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Bəzi qədim inanclara görə, kainat 4 ünsürdən — su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur.

Bu bayramın özünəməxsus adət-ənənələri var: qulaq falına çıxmaq, tonqalın üzərindən tullanmaq, səməni yetişdirmək, səməni xonçaları bəzəmək, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, yallı getmək və s.

Novruz bayramına dair inanclar: "Gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu, arzunun yerinə yetəcəyinə işarədir", "Bayram günü ailənin sayı qədər şam yandırarlar", "Novruzda küsülü qalmaq olmaz" və s.