Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 19 mart — Sputnik. Lənkəranda ailə dramı baş verib. Nəticədə cavan oğlan başından aldığı zədə ilə xəstəxanaya düşüb. Bu barədə Sputnik Azərbaycan-a Lənkəran Rayon Polis İdarəsindən məlumat verilib.
İnsident Lənkəran şəhərinin "Mikrorayon" adlanan ərazisində qeydə alınıb. 1999-cu il təvəllüdlü Yaqubzadə Əli İlham oğlu başından aldığı travma ilə rayonun mərkəzi xəstəxanasına gətirilib. Onun başı bir neçə yerdən yarılıb.
İlkin araşdırma zamanı məlum olub ki, oğlan başından zədəni atası ilə münaqişə zamanı alıb. Atası evə sərxoş vəziyyətdə gəlib. Bununla əlaqədar olaraq ailə üzvləri onu danlayıblar. Nəticədə İlham Yaqubzadə butulkanı götürərək oğlunun başına vurub.
Polisdən bildirilib ki, faktla bağlı heç kəs saxlanılmayıb. Çünki polisə heç kəs tərəfindən şikayət ərizəsi daxil olmayıb. Cavan oğlanın başından aldığı zədə yüngüldür və cinayət işinin qaldırılması üçün əsas yoxdur.