RUSİYA

"Putinin seçilməsi Rusiya - Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcək"

Aydın Mirzəzadə: "Putin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, ölkəmizlə ticarət, iqtisadi əlaqələrin genişlənməsinə dəstək verir"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 19 mart — Sputnik. "Rusiyadakı seçkilər bütün dünyada olduğu kimi, Azərbaycanda da diqqət mərkəzində olub. İlk növbədə o baxımdan ki, bu, Azərbaycanın qonşu dövlətində ali rəhbər postuna seçkilər idi. Rusiya ilə Azərbaycan arasındakı münasibətlər bu gün dostluq və qardaşlıq şəraitindədir".

Bunu Rusiyada keçirilən prezident seçkilərini Sputnik Azərbaycan-a şərh edən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

Millət vəkilinin sözlərinə görə, müşahidələr seçkinin demokratik şəraitdə keçdiyini göstərir: "Belə ki, müxtəlif siyasi qüvvələrin namizədlərinin təbliğatı üçün, o cümlədən televiziyada təbliğatı üçün bütün şərait yaradılıb. Və seçkilərə hazırlıq Rusiyanın Seçki Məcəlləsinə uyğun olaraq keçirilib".

"Hazırki prezident Vladimir Putinin qələbəsi gözlənilən idi. Belə ki, Putin hakimiyyətdə olduğu müddətdə Rusiyada stabilliyin yaranması, inkişafın təmin edilməsi, Rusiyanın əvvəllər mövcud olmuş gücünün bərpası üçün çox böyük işlər görüb. Keçirilən rəy sorğusu da Vladimir Putinin nüfuza malik olduğunu göstərirdi. Və bu münasibətlə, ilk növbədə Rusiya cəmiyyətini təbrik etmək olar", — A.Mirzəzadə vurğulayıb.

Deputat hesab edir ki, Putinin seçilməsi Azərbaycanla Rusiya arasında münasibətlərin daha da möhkəmlənəcəyini deməyə əsas verir: "Putinin Azərbaycana münasibəti olduqca dostyanadır. O, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, ölkəmizlə ticarət, iqtisadi əlaqələrin genişlənməsinə dəstək verir".

"Rusiyada yaşayan azərbaycanlıların problemlərinin həlli həmişə Vladimir Putinin diqqətində olub. Ümid etmək istəyirəm ki, Vladimir Putinin növbəti prezidentlik müddəti Rusiya ilə Azərbaycan münasibətlərinin daha da güclənməsinə səbəb olacaq", — millət vəkili əlavə edib.