RUSİYA

"Putin Rusiyası Azərbaycan dövlətinin mənafelərini tanıyır"

Zahid Oruc: "Qaşıdakı dönəmdə Putinin liderliyi altında Rusiyanın ölkəmizlə münasibətləri daha da yaxşı səviyyəyə qalxacaq"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 19 mart — Sputnik. "Rusiya böyük qonşumuz olmaqla yanaşı, regional iqtisadi, siyasi və təhlükəsizlik proseslərinə təsir göstərən ən mühüm bir dövlətdir. Bu gün, eyni zamanda beynəlxalq münasibətlərin durumu da xeyli dərəcədə Rusiyanın mövqeyindən asılıdır. Ona görə də bu seçki prosesi təkcə daxili qüvvələrin deyil, eləcə də ölkənin kənarından bu dövlətlə mübarizə aparan qüvvələrin hədəfində idi. Və onlar, təsadüfi deyildi ki, daxildə müəyyən siyasi qüvvələr neytrallaşdırılandan sonra kənardan Putin əleyhinə yeni cəbhələr açdılar".

Bunu Rusiyada keçirilən prezident seçkilərini Sputnik Azərbaycan-a şərh edən millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, faktiki olaraq Qərb müəyyən bir koalisiya qurmaqdadır: "Seçkilərdən sonra bu prosesin daha da kəskinləşəcəyi şübhə doğurmur. İkinci tərəfdən, Putin ötən illər ərzində Azərbaycanla münasibətlərin dəqiq konturlarını müəyyənləşdirib. Buna görə indi ona çox yaxın müttəfiq sayılan Ermənistan tərəfindən ciddi basqılar var. Anti-Rusiya mövqeləri daha da güclənməkdədir. Xüsusilə də son 2 ildə biz bunu görməkdəyik".

Deputat hesab edir ki, qaşıdakı dönəmdə Putinin liderliyi altında ölkəmizlə münasibətlər daha da yaxşı səviyyəyə qalxacaq: "Bunun səbəblərini xüsusi vurğulamaq istəyirəm. Əgər Yaxın Şərqdə, xüsusilə də Suriyadakı proseslər müəyyən bir sonluğa çatsa, Türkiyə, İran və Rusiya tərəfindən Suriyanın gələcək aqibəti ilə bağlı həlledici qərarlar verilsə, bu, avtomatik olaraq o deməkdir ki, Qərb revanş götürmək üçün post-sovet ölkələrindən növbətilərini Ukrayna kimi qurban etmək istəyəcək".

Z.Oruc bildirib ki, Azərbaycan 1990-cı illərdə belə avantüraların şiddətini, ağırlığını öz çiyinlərində yaşayırdı: "Əslində, biz o dövrdə həm də Moskvaya qarşı aparılan müharibənin əziyyətini çəkirdik. Yəni Bakı üzərindən, Qarabağ vasitəsilə keçmiş Sovet məkanını dağıtmaq istəyən qüvvələr bu konfliktin istisində sanki əllərini qızdırırdılar. İndi isə Putinin proqnozlaşdırılan, dəqiq hədəflərə xidmət edən siyasəti region dövlətlərin müstəqilliyini, suverenliyini tanıyan və o çərçivədə bərabərhüquqlu bir formatda münasibətlərin gələcəyini ortaya qoyur. Bu, çox önəmlidir".

"İkincisi, ötən dövr ərzində çox yaxşı münasibətlər qurulub. Bu, fundament əhəmiyyətlidir. Üçüncüsü, hərbi əlaqələr təhlükəsizlik sferasında da özünü göstərməkdədir", — həmsöhbətimiz vurğulayıb.

Millət vəkilinin fikrincə, seçkilərin nəticələrinə görə, Putin ilk növbədə SSRİ istəyənlərin üzərində qələbə çalıb: "Halbuki Qərb onu yalnız buna görə ittiham edir. Maksim Suraykin və digər o platformada dayananlar, yəni əslində Pavel Qrudinin şəxsi personası o nəticəni əldə edib. Digər qüvvələr stalinçi bir dövrün ideologiyasını ifadə edirdilər. Mən niyə sualınızdan bu nöqtəyə toxunuram? Çünki, Azərbaycanın da guya yer alacağı "Yeni SSRİ"yə qayıdış ilə bizi qorxudub, öz tərəflərinə çəkmək istəyən qüvvələr var".

"Ona görə də Putin Rusiyası hazırkı dönəmdə Azərbaycanın mənafelərini tanıyır, bütövlüyünə hörmət etdiyini hüquqi aktlarda ifadə edir, bizə silah satır. 2016-cı ilin aprel hadisələrində rus əsgərləri Gümrüdən çıxarılıb Azərbaycana qarşı döyüş əmrini almadı. Halbuki Ukraynada yaşananlar bəllidir. Bütün bunlar onu deməyə imkan verir ki, qarşıdakı dönəmdə çox uğurlu bir əməkdaşlıq imkanları daha da genişlənəcək", — Z.Oruc əlavə edib.