CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlikdən təqaüd alanlara xoş xəbər

Elman Babayev: "Bundan əvvəl isə ötən həftə Fond tərəfindən mart ayının əmək pensiyalarının tam maliyyələşdirilməsi işləri başa çatdırılıb"
Sputnik

BAKI, 19 mart — Sputnik. "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən mart ayı üzrə sosial müavinətlərin və Azərbaycan Prezidentinin təqaüdlərinin mart ayının 1-dən edilmiş artımlarla birgə tam maliyyələşdirilməsi təmin olunub".

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

Nazir təqaüdlərin artırılması və ayrılan vəsaitdən danışdı

O bildirib ki, mart ayı üzrə qeyd edilən sosial ödəniş növlərinin də vaxtından əvvəl olmaqla, bayrama qədərki günlərdə ödənişi həyata keçirilib.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, bu da sosial müavinət və təqaüdlərlə təmin olunan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə, onların maraqlarının təminatına xidmət edir. "Bundan əvvəl isə ötən həftə Fond tərəfindən mart ayının əmək pensiyalarının tam maliyyələşdirilməsi işləri başa çatdırılıb"-deyən şöbə müdiri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ötən ay, yəni cari ilin fevral ayında imzalanan Fərman və Sərəncamlarla yaşa görə, ümumi xəstəliklə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar təyin olunan aylıq sosial müavinətlərin məbləği artırılıb. Habelə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar səbəblərdən əlilliyə görə, ailə başçısını itirməyə görə sosial müavinət alanlara, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, müharibə veteranlarına, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrdəki 1 yaşınadək uşaqlara, müharibə əlilləri və onlara bərabər tutulanların, şəhid ailələrinin və müddətli hərbi xidmət qulluqçularının uşaqlarına və qanunvericilikdə nəzərdə tutulan digər kateqoriyalara aid şəxslərə təyin olunan aylıq sosial müavinətlərin məbləğində artımlar edilib. Eyni zamanda, həmin Fərman və Sərəncamlarla müharibə əlilləri və şəhid ailələrinə, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə, birinci qrup əlillərə, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə, 20 Yanvar əlillərinə, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan hərbi qulluqçuların ailələrinə, habelə fərdi və fəxri adlara görə Azərbaycan Respublikasının Prezidentinin təqaüdlərinin məbləği artırılıb: "2018-ci il martın 1-dən qeyd edilən müavinətlərin və təqaüdlərin məbləğinin orta hesabla 10 faiz artırılması təmin edilib. Ümumilikdə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən, aylıq və aylıq və birdəfəlik sosial müavinət alan, eləcə də Azərbaycan Respublikası Prezidentinin təqaüdləri təyin olunan 400 mindən cox vətəndaşa mart ayının müavinət və təqaüdlərinin maliyyələşdirilməsi 2018-ci il martın 1-dən nəzərdə tutulan artımlarla birgə həyata keçirilib".