BAKI, 18 mart — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov hesab edir ki, Qərbin təbliğatı daha primitiv və həyasız olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, o, bu barədə fikrini Qazaxıstan Respublikası prezidentinin teleradiokompleksinə müsahibəsində bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin saytında yayımlanan həmin müsahibədə ölkə diplomatiyasının başçısı deyib:
"Mixail Bulqakov yazıb: "Sovet qəzetlərini səhər tezdən oxumayın". Biz hazırda elə bir dünyada yaşayırıq ki, Qərb qəzetlərini oxumaq lazım deyil. Hamısı məsələləri son dərəcə sadə və kobud təbliğat tərzində təqdim edir. İctimai rəyi yönləndirmək istiqamətində iş aparılır. Biz bunu müxtəlif situasiyalarda, istər Şərqi Qutada olsun, istər tamamilə ağlasığmaz olan Londonda növbəti personajın öz qızı ilə birlikdə zəhərlənməsində olsun, dəfələrlə müşahidə etmişik. Qərb təbliğatı təssüf ki, bir tərəfdən çox primitiv olub, digər tərəfdən də həyasız. Sadə adamların beynini analiz edilməmiş, kəsilərək təhrif olunmuş ifadələrlə doldururlar".
Lavrov buna misal olaraq Amerika koalisiyasının İraq Mosulunun, sonra isə Suriya Raqqasının azad edilməsi əməliyyatını qeyd edib.
"Belə "haray-həşir" (ifadəyə görə üzr istəyirəm), belə isterika olmamışdı. Əgər indi retrospektiv olaraq bu əməliyyatları (Şərqi Hələb, Raqqa, Mosul) müqayisə etsək, Raqqa və Mosulda heç bir humanitar dəhliz olmamışdı və hərbi əməliyyatların getdiyi bölgələri tərk etmək istəyən dinc əhaliyə heç bir şərait yaradılmamışdı ki, onlar gedə bilsinlər. Onlar orada olanlara humanitar yardım çatdırmaq barədə xüsusilə düşünməmişdilər. Raqqa hazırda xarabalıqlar içindədir və etiraf edirlər ki, indiyə qədər hətta meyitlər belə yığışdırılmayıb. Biz BMT Təhlükəsizlik Şurasında ora təcili humanitar missiyanın getməsini israr edirik. Amma hələlik BMT üzvləri bunu eləməyə tələsmir ki, bu da sual doğurur" — deyə Lavrov əlavə edib.
Martın 15-də "Rosturizm"in rəhbəri Oleq Safonov bildirib ki, antirusiya təbliğatı sadə amerikalılar arasında əks effekt doğurur və Rusiyanı ziyarət etmək istəyən ABŞ vətəndaşlarının sayı dörd dəfə artıb.
"Onlara uydurma nağıllar danışırlar, adamlarda isə Rusiyaya gəlib baş verənləri öz gözləri ilə görmək arzusu yaranır" — deyə Safonov bildirib.