Bu canlı barədə yalnız nağıllardan eşitmişdik, amma həyatda da var imiş

İki başlı ilan: bu hala təbiətdə nadir hallarda rast gəlinir.
Sputnik

BAKI, 18 mart — Sputnik. Nağıllarda, əfsanələrdə rast gəldiyimiz ikibaşlı ilanlar şifahi xalq ədəbiyyatına təsadüfən düşməyib. Təbiətdəki nadir tapıntılar, nağıllarda haqqında bəhs edilən qorxunc varlıqların həqiqətən də mövcud olduğunu təsdiqləyir.

ABŞ-ın Florida ştatında bir fermer yeni doğulmuş ikibaşlı ilan tapıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə National Geographic məlumat yayıb.

Kişi ilanı veterinarlara verib. Onlar isə müəyyən ediblər ki, bu sürünənin nəinki iki başı, eləcə də iki ürəyi və iki həzm sistemi var. Bu hala isə təbiətdə nadir hallarda rast gəlinir.

Mütəxəssislər qeyd ediblər ki, həzm sisteminin ayrı olması, bu sürünənin vəhşi təbiətdə yaşamaq şansını azaldır.

"Bu cür doğulan ilanların əksəriyyəti ölür. Çünki onlar kifayət qədər qida tapa bilmirlər. Bununla yanaşı onların ümumi böyrəyi olur ki, bu da defekasiya ilə bağlı problem yaradır" — deyə veterinar Lora Tilen bildirib.

Daha əvvəl hollanda balıqçıları Şimal dənizindən ikibaşlı delfin tapmışdılar. Onun üç gözü, bir bədəni, normal ətrafları və orqanları vardı.