Aleksandra Zuyeva, Sputnik Azərbaycan
BAKI, 18 mart — Sputnik. Bu gün səhər tezdən adamlar Rusiyanın Bakıdakı səfirliyində yerləşən 8017 № li seçki məntəqəsinə axışıblar. Bu gün həmin məntəqədə Rusiya vətəndaşları RF prezidentinin seçkilərində səs verirlər.
Səfirliyə gələn insanlar arasında səs vermək üçün səliqə ilə növbəyə durmuş yaşlı insanlara və valideynləri ilə birlikdə gəlmiş körpə uşaqlara da rast gəlmək mümkündür. Ən əsası isə səs verməyə gələn insanların gözlərindəki sevinc ifadəsini və bayram əhval-ruhiyyəsini görməmək mümkün deyil.
Səfirlik binasının qarşısında insan axınına baxmayaraq, səfirliyin əməkdaşları — müvəqqəti işlər vəkili Oleq Muraşov və mətbuat attaşesi Denis Apaşkin seçkiyə gələn Rusiya vətəndaşlarını fəal surətdə qarşılayırlar. Yardıma ehtiyacı olan seçicilərə xüsusi diqqət göstərilir.
Məntəqədə seçicilər qanunauyğun şəkildə qeydə alınır, seçki bülletenlərini götürərək səs vermək üçün nəzərdə tutulan xüsusi kabinələrə daxil olur, istədiyi şəxsin adını qeyd edərək qutuya atırlar.
Çoxsaylı insan axınına baxmayaraq, seçki məntəqəsində heç bir basabas, qarışıqlıq müşahidə olunmur. Səsvermə canlı növbə ilə keçirilir. Seçicilər səliqə ilə iki-iki məntəqəyə yaxınlaşıb səs verirlər. Çoxları binaya seçki prosesini izləməkdə maraqlı olan uşaqlarla birlikdə gəlir. Onlar öz qiymətli vaxtlarını sərf edərək prezidentlərini seçirlər.
Səfirlik nümayəndələrinin, idmançıların və seçkidə iştirak edən digər şəxslərin növbə ilə müvafiq vaxtda gəlib səs verməsini müşahidə etmək xüsusilə maraqlıdır. Səfirlik işçilərindən heç kəs öz mövqeyindən sui-istifadə edərək irəli keçmir, öz növbələrini gözləyirlər.
İdmançılardan söz düşmüşkən, səsvermədə akademik avarçəkmə üzrə Rusiya yığmasının üzvləri də iştirak edib. Sputnik Azərbaycan 2017-ci ildə keçirilən dünya çempionatının akademik avarçəkmə üzrə bürünc medalçısı, 20 yaşlı Mariya Kubişkina ilə söhbətləşib. O, yaşı ilə əlaqədar olaraq prezident seçkilərində ilk dəfə iştirak edir.
"Bizim yığmanın bir çox üzvləri artıq səsvermədə iştirak ediblər. Bakıda hər şey qayda üzrə gedir. Biz prosesdən çox razıyıq" — deyə o, bildirib.
Bu seçkidə həmçinin Azərbaycanda fəaliyyət göstərən "Rossotrudniçestva"nın sədr müavini Aleksandr Kolomin də səs verib. O, Sputnik Azərbaycan-a bildirib ki, bu gün Bakıdakı səsvermə prosesi olduqca diqqətəlayiqdir.
"Mən deyərdim ki, Bakıdakı seçki eynilə evdəki kimi və çox səmimi şəraitdə keçir. Səsvermə qaydalara uyğun şəkildə keçirilir və proses çox yaxşı təşkil olunub" — deyə o bildirib.
Kolomin həmçinin qeyd edib ki, səfirliyin əməkdaşlarının ona və onun həmkarlarına münasibəti hamı ilə eynidir. Hamı öz növbəsini gözləyir və və heç kəs irəli keçməyə cəhd göstərmir.
Seçki məntəqəsindən çıxan insanların sifətində razılıq əlaməti hiss olunur. Çünki onlar bu gün Rusiya üçün birinci növbədə vacib olan bir tədbirdə iştirak ediblər.
Azərbaycanda yaşayan Rusiya vətəndaşı, pensiyaçı Yuliya Sputnik Azərbaycan-a bildirib ki, Bakıdakı seçklər çox diqqətəlayiq şəkildə keçir.
"Məni hər şey qane edir. Çox razıyıq ki, biz pensiyaçıları da seçkiyə dəvət ediblər və bizə Rusiya prezidentinin lehinə səs vermək imkanı yaradılıb." — deyə pensiyaçı bildirib.
Digər seçici Natalya isə bildirib ki, Bakıda Rusiya prezidentinin seçkilərində səs vermək imkanı yaradıldığına görə çox məmnundur.
"Mən yaxşı mənada Rusiya səfirliyində keçirilən seçkilərdə bu boyda növbənin yaranmasına təəccüblənmişəm. Bu o deməkdir ki, insanlar bizim ölkəmizdə baş verən proseslərə laqeyd deyillər. Gördüklərimlə bağlı təəssüratlarım çox yaxşıdır" — deyə qadın bildirib.
Daha bir seçici, 73 yaşı qadın özünün əzmi ilə hər kəsi heyrətləndirib. O bildirib ki, səsvermədən bir həftə əvvəl qrip xəstəliyinə yoluxub və seçkiyə gələ bilməyəcəyinə görə narahat olub. Lakin bu gün yuxudan oyananda xəstəliyin keçdiyini görüb və qadın səsverməyə yollanıb.
Məntəqədə kuryoz hadisələr də baş verib. Belə ki, Azərbaycan vətəndaşı olan bir kişi bir buket qızılgüllə səfirliyə gələrək səs vermək istədiyini bildirib. O, bu gün ad günü olduğunu deyib. Səfirlik əməkdaşları ona Azərbaycan vətəndaşı olduğu üçün səs verə bilməyəcəyini desələr də, o fikrindən dönməyib və səsvermə növbəsinə tərəf gedib.
Sputnik Azərbaycan-ın "bu gülləri kimə verəcəksiniz" sualına azərbaycanlı seçici səsvermədən sonra buna qərar verəcəyini bəyan edib.
Saat 11 radələrində Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Muraşov səs verib. Səs verdikdən sonra diplomat jurnalistlərlə söhbət edib.
Müvəqqəti işlər vəkili Bakıda olan RF vətəndaşlarının böyük həvəslə siyasi iradələrini bildirmək üçün səsverməyə gəldiklərini deyib.
"Biz onların seçiminə şübhə etmirik. Əminik ki, bu gün vətəndaşların fəallığı çox yüksək olacaq" — diplomat vurğulayıb.
Muraşov səhər saat 11-dək 340 nəfərin səs verdiyini deyib.
Diplomat bu vacib siyasi tədbirdə iştirak edən bütün vətəndaşlara təşəkkürünü bildirib.
"Bundan əlavə, Rusiyanın Bakıdakı səfirliyinin adından Azərbaycan Respublikasının rəhbərliyinə bugünkü seçkilərin təşkilindəki köməyə görə minnətdarlığımı bildirmək istəyirəm" — Muraşov deyib.
Sonda diplomat Azərbaycan Respublikasının bütün vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik edib.
Biz səfirliyin qarşısındakı meydançanı tərk edərkən insanları seçkiyə gəlməyə davam etdiyini müşahidə etdik. Mikroavtobusla gələn qrup da var idi. Bütün bunlar zarafat, gülüş, sevinc səsləri ilə müşayiət olunurdu. Bu isə insanların səsverməyə necə həvəslə gəldiklərini göstərirdi.