CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şabranda at yarışında Yarışov qalib oldu

Finişə birinci çatan Zaman Yarışova kubok təqdim olunub
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 16 mart — Sputnik. At muraddır deyirlər. Azərbaycan xalqı üçün at həm də igidlik, sədaqət rəmzidir. Təsadüfi deyil ki, qədim zamanlardan indiyədək davam edən at yarışlarına ölkəmizdə maraq hələ də böyükdür.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Şabran rayonunun Rəhimli kəndində Novruz bayramı münasibətilə təşkil olunan ənənəvi at yarışları keçirilib. İlk öncə Novruz tonqalı yandırılıb. Sonra ötən ilin qalibi dövlət himnimizin sədaları altında bayrağımız qaldırıb. Tədbirdə yaxın rayonlardan gələn qonaqlar da iştirak edib.

Yarışovun mükafatlandırılması

Yarışa 21 çapar qoşulub və 5 mərhələdən ibarət olub. Çaparlar 4 nəfər olmaqla qruplara bölünərək mübarizəyə aparıblar. Hər qrupun qalibi final mərhələsində iştirak etmək hüququ qazanıb.

Turnirdə "Tolqa" ləqəbli atı ilə Söhbətli kənd sakini Zaman Yarışov qalib olub. Bütün iştirakçılara həvəsləndirici mükafatlar, finişə birinci çatan Zaman Yarışova isə kubok təqdim olunub.

Şabran RİH başçısının müavini Fikrət Nuşiyev, gənc nəsil üçün tərbiyəvi əhəmiyyətə malik, xalqımızın qəhrəmanlığını simvolizə edən bu kimi qədim adət-ənənələrin təbliğ edilməsinin vacibliyini vurğulayıb.

Mərasimdə milli mətbəximizin nümunələri nümayiş etdirilib, yerli incəsənət nümayəndələrinin ifasında konsert təşkil olunub.