Ərdoğan son müjdəni tezliklə verəcəyini dedi

Ərdoğan bəzi Qərb dövlətlərinə işarə edərək, onların özlərini dost kimi göstərdiyini, amma Türkiyəyə qarşı vuruşan terrorçulara dəstək verdiklərini bildirib
Sputnik

BAKI, 17 mart — Sputnik. "Tezliklə Afrin terrorçulardan təmizlənəcək və insanlar öz yurdlarına qayıdacaqlar". Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının Mardin şəhərindəki yığıncağında deyib. Prezident bəzi Qərb dövlətlərinə işarə edərək, onların özlərini dost kimi göstərdiyini, amma Türkiyəyə qarşı vuruşan terrorçulara dəstək verdiklərini bildirib.

"Özlərini bizə dost göstərənlər Afrinə girməyimizi istəmədilər. Çox qısa bir zamanda Afrinin əhalisi evlərinə qayıdacaq. Onların uzun müddət qaçqın vəziyyətində qalmasını istəmirik. Onlara hər cür dəstək vermişik və vercəyik də. Tezliklə son müjdəni də eşidəcəksiniz. Orada yük maşını sığa biləcək tunellər qazılıb. Bu tunellər Qərbdən olan dostlarımızın sayəsində tikilib. Sabah Çanaqqalada olacağıq. Oradan sizə müraciət edəcəyik” — Ərdoğan vurğulayıb.