Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 17 mart — Sputnik. Bu gün Bərdədə rayon İcra Hakimiyyətinin təşkil elədiyi növbəti bayram yarmarkası keçirilib. Yarmarkada kənd təsərrüfatı məhsulları ilə yanaşı, digər ərzaq məhsullarının satışı da təşkil edilib. Bərdə sakinlərinə qoz, fındıq 4,50-5,50 manata, şabalıd 7 manata, alma 1-1,50 manata, mal əti 7 manata, qoyun əti 8 manata təklif edilib.
Yarmarkadan faydalanan Zülfiyyə Səfərova, Çoban Yaqubov, Nəbi Səmədov və başqa sakinlər etdikləri bazarlıqdan məmnun olduqlarını bildiriblər.
Bərdə rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Bəxtiyar Abdıyev bayram yarmarkalarının hələ keçən şənbə günlərində təşkil edildiyini, bunun üçüncü şənbə satışı olduğunu bildirib. Hər şənbə keçirilən yarmarkalara xeyli sayda əhalinin gəldiyini və faydalandıqlarını deyib. İcra Hakimiyyətinin rəsmisi Bəxtiyar Abdiyev isə bildirib ki, bu yarmarka sonuncudur. Bununla da bayramqabağı yarmarkaların təşkili yekunlaşıb.