İQTİSADİYYAT

"Azərbaycanda qeyri-neft sektorunda 2,7 faiz artım baş verib"

Oqtay Əsədov: "2017-ci ildə Azərbaycanda qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi 63 faiz təşkil edib"
Sputnik

BAKI, 16 mart — Sputnik. Hazırda Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirə edilir. Sputnik Azərbaycan xəbər verir ki, iclası parlamentin sədri Oqtay Əsədov açaraq Azərbaycan xalqının 2017-ci ildə sabitlik və təhlükəsizlik şəraitdə yaşadığını söyləyib.

Azərbaycan hökuməti hesabat verir

Onun sözlərinə görə, ötən il ölkədə aparılan islahatlar uğurla davam etdirilib: "Davos İqtisadi Forumunun son hesabatında Azərbaycan 2 pillə irəliləyərək 35-ci yeri tutub. Ötən il Bakı-Tbilisi-Qars dəmiryolu istifadə verilmiş və bu, məsafəni 2 dəfə yaxınlaşdırıb".

Parlament sədri deyib ki, 2017-ci ildə Azərbaycanda qeyri-neft sektorunda 2,7 faiz artım baş verib: "Qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi 63 faiz təşkil edib. Ölkədə 17 milyard manata yaxın sərmayə yatırılıb".

"Ötən il deputatlatın 68 təklifi ilə bağlı görülən işlər hesabatda ətraflı qeyd olunub" — O.Əsədov vurğulayıb.

İclasda hökumətin hesabatını Baş nazir Artur Rasi-zadə təqdim edir.