İQTİSADİYYAT

Dövlət büdcəsindən külli miqdarda vəsait yayındıranların adları açıqlandı

Ümumilikdə 548639,99 ABŞ dolları və 184568,37Avro vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib
Sputnik

BAKI, 16 mart — Sputnik. Bakı Baş Gömrük İdarəsi külli miqdarda vəsaitin dövlət büdcəsindən yayındırılmasının qarşısını alıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat daxil olub.

Bildirilib ki, gömrük işinin təşkili sahəsində yaradılan münbit şəraitə baxmayaraq hələ də bir sıra xarici iqtisadi fəaliyyət iştirakçıları idxal əməliyyatları zamanı qanunvericiliyin tələblərini pozaraq malların dəyərini saxta invoys təqdim edərək real qiymətindən aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumları tam şəkildə ödəməkdən yayınmağa çalışır.

Dəfələrlə xəbərdarlıq edilməsinə, gömrük qanunvericiliyini pozan sahibkar və şirkətlərin adlarının ictimaiyyətə açıqlanması və digər tənbeh xarakterli tədbirlər görülməsinə baxmayaraq bəzi işbazlar gömrük orqanları qarşısında yaranan öhdəliklərini düzgün yerinə yetirmək əvəzinə hələ də qanunsuz yollara əl atırlar.

Gömrük Komitəsi gömrük rüsumlarını niyə artırdığını açıqlayıb

Son dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırma zamanı yenə də malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.

Məlumata görə, ümumilikdə 548639,99 ABŞ dolları və 184568,37Avro vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib.

Bundan başqa Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq ünvanlarına daxil olan yükə aid saxta invoyslar təqdim edərək malların qiymətini azaltmağa çalışdıqları üçün 3 hüquqi və 1 fiziki şəxs barəsində toplanan materiallar Cinayət Məcəlləsinin 206.1 maddəsinə əsasən DGK-nın İstintaq idarəsinə göndərilib. Belə ki, idxal etdikləri malın qiymətini "FAVORİT SERVİS" MMC 29089,30 ABŞ dolları, "SƏMA PLASTİK" MMC 15574,72 ABŞ dolları, "ULTRA PROQRESS" MMC 9450 ABŞ dolları və Şükürov Şahin Rafiq oğlu 9261 ABŞ dolları məbləğində azaldıblar.

Saxta invoyslar təqdim edərək Gömrük ödənişlərindən yayınmağa yol verdiklərinə görə 3 şirkət barəsində isə toplanan materiallar İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Qaradağ rayon Məhkəməsinə göndərilib. Belə ki, "Platinium-17" MMC tərəfindən saxta invoysda malın qiyməti 10000 ABŞ dolları məbləğində azaldılıb və 6077,22 manat məbləğində vəsait gömrük ödənişlərindən yayındırılıb, "Zoom" MMC tərəfindən saxta invoysda malın qiyməti 12000 ABŞ dolları məbləğində azaldılıb, 3724 manat məbləğində vəsait gömrük ödənişlərindən yayındırılıb, "Zoom" MMC tərəfindəndaha bir idxal əməliyyatında malın qiyməti 15764,81 ABŞ dolları məbləğində azaldılaraq 4049,51 manat məbləğində vəsait gömrük ödənişlərindən yayındırılıb və "ABA Trading" MMC tərəfindən saxta invoysda malın qiyməti 4200 Avro məbləğində azaldılıb və nəticədə 6001,25 manat məbləğində vəsait gömrük ödənişlərindən yayındırılıb.