RUSİYA

Beş millət vəkilimiz Rusiyadakı prosesi izləyəcək

Rusiyada prezident seçkilərinin gedişini izləmək üçün Milli Məclisin deputatları səfərə yola düşürlər
Sputnik

BAKI, 16 mart — Sputnik. Martın 18-də Rusiyada keçiriləcək prezident seçkilərinin gedişini izləmək üçün Milli Məclisin bir qrup deputatı martın 16-dan etibarən Rusiyanın müxtəlif şəhərlərinə səfərə yola düşəcək. Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycandakı prezident seçkilərində bir mərhələ başa çatdı

Milli Məclis sədrinin birinci müavini, MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun koordinatoru Ziyafət Əsgərov və deputat Rauf Əliyev paytaxt Moskvada, deputat Elmira Axundova isə Sankt-Peterburqda MDB PA-nın xətti ilə seçki prosesini izləyəcək.

Milli Məclisin komitə sədri Əli Hüseynli MDB İcraiyyə Komitəsinin beynəlxalq müşahidəçilər missiyasının tərkibində, deputat Sabir Hacıyev isə Milli Məclisin xətti ilə Rusiya paytaxtında prezident seçkilərinin gedişini müşahidə edəcək.

Deputatlarımız seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaq, səsvermə günü müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək, vətəndaşların fəallığına, səsvermə prosesində seçicilərin hüquqlarının təmin olunmasına, şəffaflığa və demokratiyanın tələblərinə riayət edilməsinə diqqət yetirəcəklər.

Səfər martın 19-da başa çatacaq.